"Qəbələ"nin yarımmüdafiəçisi Dodonun futbolinfo.az saytına müsahibəsi
– "Sumqayıt"la oyunda böyükhesablı qələbə qazandız. Zəif rəqiblə oyunda belə bir qələbə gözlənilən idi?
– Bu qələbə bizim üçün vacib idi. "Sumqayıt"ı heç də zəif rəqib adlandırmaq olmaz. Onlar da meydanda döyüşürdülər. Sadəcə, biz daha yaxşı oynadıq və 3 qol vurub 3 xal qazandıq. Çempionatın ikinci yarısının startında belə qələbə qazanmaq vacib idi. Çünki toplaanışda necə hazırlaşdığımızı ilk oyunda göstərməli idik.
– "Sumqayıt" zəif komanda olmasına baxmayaraq, qapınız qarşısında qol vəziyyətləri yaradırdı. Müdafiə xəttindəki problemlər qalmaqdadı?
– Biz daha yaxşı oynayırıq. Düşünmürəm ki, müdafiə xəttində hər hansı problem var. Qarşıdakı oyunlarda nəyə qadir olduğumuzu göstərəcəyik. Həmçinin heyətdə yeni futbolçular var. Onlar da komandaya uyğunlaşmalıdılar. Ondan sonra komandamız daha da güclənəcək.
– Sabah sizi "Qarabağ"la çətin oyun gözləyir…
– Əminliklə deyə bilərəm ki, sabahkı oyun həddindən çox maraqlı və çətin olacaq. Azarkeşləri gözəl bir matç gözləyir. Bu oyun liderlik uğrunda vacib oyunlardandı. Rəqibimizin necə komanda olduğunu hamı bilir. Amma biz heç bir komandadan qorxmuruq. Sabah meydana ancaq qələbə üçün çıxacağıq. Nə olacağını 90 dəqiqənin tamamında görəcəyik.
– "Qarabağ" son oyunda "Xəzər Lənkəran"a məğlub oldu. Bu məğlubiyyət sizin üçün üstünlük sayıla bilər?
– Yox, elə deyil. Ümumiyyətlə, "Qarabağ"ın bundan öncəki oyununda kimin qalib gəldiyinin bizim üçün önəmi yoxdu. Biz sadəcə rəqibimizi düzgün analiz edib qələbə qazanmağa çalışacağıq.
– Çempionatın liderisiz. Bu, sizi çempionluğa nə qədər yaxınlaşdırıb?
– Lider olduğumuz üçün komandanın özünəinamı çoxdu. Hamı sadəcə, bu liderliyi sonadək qoruyub çempion olmaq haqqında düşünür. İndi hər şey çempionluğa doğru gedir. Amma Premyer Liqada çətin komandalar çoxdu. Bu liderliyi qorumaq çətin olacaq. Hamımız sonda birinci olmaq haqqında düşünürük.
– Hansı komandalar sizə çətinlik yarada bilər?
– Bütün komandalar bizə çətinlik yaradacaq gücdədilər. "Qarabağ", "Neftçi", "Bakı", "Simurq" güclü komandalardı. Digərləri də həmçinin.
ELSEVƏR





