"Xəzər Lənkəran" "Böyük oyun"da təhlükəsizliyi təmin edə bilmədi. "Neftçi" azarkeşlərinin olmadığı oyunda belə Lənkəran stadionunda olaylar çıxdı, qalmaqal düşdü. Düzdü, əzilən, döyülən, polis tərəfindən saxlanılan olmadı, asayiş keşikçiləri olaylara vaxtında müdaxilə etdi. Ancaq bütün bunlar oyundan bir gün əvvəl də olmalıydı. Hansısa hadisə baş verməməli idi.
Amma matçdan əvvəlki gün "Neftçi" avtobusunun şüşələrinin otelin həyətində dayanarkən sındırılması lənkəranlıların vəzifəsinin öhdəsindən gəlməməsini göstərdi. Halbuki "Xəzər Lənkəran" qonaqların təhlükəsizliyini qorumağa borclu idi. Onlar isə layiqli qonaqpərvərlik göstərə bilmədilər. Bu, cənubluların da iğtişaşlarda birbaşa maraqlı olduğunun sübutudu.
"Neftçi" tərəfinin avtobusun üzərindəki bayrağa daş atılmasını qabartması uğursuz gediş idi. Xuliqan üçün sərhəd olmur. O, daşı avtobusa atır, bayrağa yox. Bakılıların hadisələri siyasiləşdirmək istəyi təssüf doğurur. Ondansa "Xəzər Lənkəran"ın futbol xuliqanlarına dəstək verməkdə qınamaq daha yaxşı olardı.





