Premyer Liqada lider dəyişib, taktika savaşının getdiyi əzəli rəqiblərin oyununda turnir vəziyyətini gərginləşdirən nəticə ortaya çıxıb. Amma bu, qalıb bir kənarda, mətbuat oyunların analizini aparmır, qalmaqalların əsiridi, bir-birinə sözünü deyə bilməyən klub rəsmilərinin fikirlərini ictimaiyyətə çatdırır.
 
"Qəbələ" – "Qarabağ" görüşü turun oyunu idi. Fantastik pulları bacarıqsız Marat İzmaylova xərcləyib, onu hazır olmaya-olmaya start heyətinə qoyan Yuri Syomin matçı elə protokolu doldurarkən uduzdu, Qurban Qurbanov isə ötən turdakı məğlubiyyətdən sonra cuzi dəyişiklərlə vəziyyəti xeyirinə çevirdi. "Böyük oyun"da isə taktiki savaşda ilkin həmlə və son nöqtə amili var idi.
 
"Neftçi" taktiki cəhətdən oyuna savadlı başladı. Ancaq "Xəzər Lənkəran"ın hesabda geri düşməsinin səbəbi başqa idi. Belə ki, cənubluların sağ cinahı aşkar şəkildə axsayır, Tural Cəlilov Flavinyo ilə bacarmırdı. Hər iki qolun məhz bu cinahdan vurulması təsadüfi deyildi. Rasim Ramaldanovun zədələnməsindən sonra isə Mustafa Dənizlinin kadr problemləri daha da artdı. Bu məqamda türkiyəli riskə getdi, Böyükağa Hacıyev isə hesabın gətirdiyi rahatlıqla qorxaq taktika seçdi. Məhz bu məqam oyunda həlledici amil oldu. Ağabala Ramazanov hüçumu canlandırdı, Tərlan Quliyevi qırmızı vərəqə almağa məcbur etdi, Junior Nildo komandanı ümidləndirən qolu vurdu, Elias hücum versiyalarını çoxaltdı. Belədə arxaya yaslanan "Neftçi"ni ram etmək çətin olmadı.
 
Düzdü, son saniyələrdə vurulan qol vaxt çatışmazlığından olmaya da bilərdi. Amma bəxt risk edəni mükafatlandırdı. Bəs Hacıyev nə etdi? Oyunboyu hər epizodda hakimləri suçladı, söydü, hərəkətləri ilə qıcıq yaratdı. O, məşqçi kimi uduzdu, aktyorluq qabiliyyəti isə ona yalnız qınaq gətirdi. Böyükağa bəyin şousu oyunsonrası mətbuat konfransında da davam etdi. Çox təssüf ki, o, özünün, futbolçularının səhvlərini etiraf etmədi, gunahı hakimdə axtardı. Halbuki hesab 2:0 olarkən Saşa Stamenkoviçin komandasının xilas etdiyi 2 epizod ona siqnal olmalıydı.
 
CAVAD, LƏNKƏRAN
Shares: