Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Zaur Ramazanov ötən gün baş tutan Topaz Premyer Liqasının 20-ci turunun "Xəzər Lənkəran" – "Neftçi" matçında baş verən xoşagəlməz hadisələrə münasibət bildirib, eləcə də çempionatla bağlı digər fikirlərini açıqlayıb. Futbolinfo.az saytına müsahibəsində o, öncə bunları söyləyib:
"Oyuna internet vasitəsi ilə baxırdım. Dumanlı hava olduğu üçün heç nə görünmürdü. Matçın sonunda baş verənləri şişirtmək lazım deyil. Ağabala Ramazanovu arxadan gəlib vurublar, hakim də onu vuran futbolçuya qırmızı vərəqə göstərib. Amma qardaşımın meydandan qovulmasının səbəbini heç başa düşmədim. Ağabala orada kimisə vurubsa, niyə kameraya düşməyib? Düzdü, futbolçular arasında belə hadisələr olur. Amma həmin futbolçular çox vaxt tez bir zamanda barışırlar. Onların arasına girmək düzgün deyil".
Ramazanov komandaların çempionluq şanslarını da qiymətləndirib: "Fikrimcə, "Qarabağ"ın çempionluq şansları yüksəkdi. Çünki onların həm oyunu, həm də kallektivi yaxşıdı. "Neftçi" haqda danışmaq istəmirəm. "Xəzər Lənkəran" indi-indi özünə gəlir. Çox pis vəziyyətdə idi. Komanda tədricən özünə gəlir. "Qəbələ" də sabit komanda deyil. Hər dəfə başqa cür oynayırlar".
"Xəzər Lənkəran"dan ayrıldıqdan sonra işsiz qalan Zaur futbola qayıtmağı düşünmür: "Hazırda öz işimlə məşğulam. Baxırsan ki, indi adı futbol dəftərində olmayan adamlar bu sahədə işləyir. Futboldan başı çıxanlar isə kənarda qalırlar. Bilmirəm bu, antifutboldu nədi? Biri çıxır digərinin arxasınca danışır. Mən belə şeyləri xoşlamıram. Mən həmişə sözü üzə demişəm".





