Topaz Premyer Liqasının 21-ci turunda “Qəbələ” ilə qarşılaşacaq “Xəzər Lənkəran” səfərə 3 gün öncə yollanıb. Futbolinfo.az xəbər verir ki, “ağ-yaşıllar” məşqlərini səfərdə davam etdirirlər.
 
Cənub təmsilçisinin mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu açıqlamasında “Qəbələ”nin onlara təbii örtkülü stadion vermədiklərini bildirib. “Qırmızı qaralar”ın meneceri Səbuhi Səfiyaroğlu futbolinfo.az saytına açıqlamasında “Xəzər Lənkəran” rəsmisinin dediklərinə münasibət bildirib:
 
“Bizim onlara stadion vermək borcumuz yoxdu. Onlara ancaq oyundan bir gün əvvəl əsas meydanda məşq etməyə icazə verəcəyik. “Xəzər Lənkəran” bura gəlməzdən öncə bizə müraciət etdi ki, biz səfərə 3 gün qabaq gəlmək istəyirik. Bizə stadion verə bilərsiz? Biz də stadiona baxan ingilis mütəxəssislə məsləhələtləşdik. O da bildirdi ki, bizim yalnız məşq etməyə bir meydanımız var ki, orada da öz komandamız məşq keçir. Orada gündə yalnız bir dəfə məşq etmək olar. Digər meydanlar isə hazırda baxımdadı. Onlara dərman verilir və qardan yenicə çıxıblar. Ancaq süni örtüklü stadionu verə bilərik. Biz də Lənkəran klubuna bunları dedik. Onlar da razılaşdılar. Əgər istəmirlərsə, gedib Bakıda məşq edərdilər. Yenə deyirəm ki, bizim onlara stadion vermək borcumuz yoxdu”.
Shares: