“Kəpəz”in sabiq baş məşqçisi Adil Şükürovun futbolinfo.az saytına müsahibəsi
– Millimiz yoldaşlıq görüşündə Haitiyə 0:3 hesabı ilə uduzdu. Böyükhesablı məğlubiyyəti gözləyirdiniz?
– Sözün düzü, fikirləşirdim ki, yığma komandamız Haiti millisinə uduzmayacaq. Hətta oyun başlayarkən bir az da ümüdləndim ki, bu oyunda qalib gələ bilərik. Amma birinci qol göstərdi ki, Haiti yığmasının futbolçularının fərdi keyfiyyətləri bizim futbolçuların fərdi keyfiyyətlərini üstələyir. Matç ərzində millimiz xaotik hücumlar qurur və bu hücumları qapıya zərbə ilə tamamlaya bilmirdi. Oyun ərzində rəqib qapısı qarşısında 2-3 hücumumuz oldu ki, onları qolla bitirmək olardı. Çox təəssüf ki, bu hücumları qolla tamamlamaq üçün futbolçularımızda ustalıq səviyyəsi çatmadı.
– Baş məşqçi Fernandu Santuşun heyət seçimi, taktiki düzülüşü və əvəzetmələri haqda fikriniz necədir?
– Müasir futbolda oyunçuların taktiki düzülüşünün elə də çox əhəmiyyəti qalmayıb. Futbolçuların verilən tapşırıqları düzgün yerinə yetirməsi bu günün futbolunda çox önəmlidir. Ola bilər oyun ərzində futbolçularımız rəqibə ustalıq səviyyəsində uduzurdu. Amma rəqib futbolçular bizimkilərdən ustalıq səviyyəsinə görə çox üstün deyildilər. Bizim yığma komandada istək, mübarizlik görünmürdü. Sonradan meydana buraxılan futbolçular oyuna bir az canlanma gətirdi. İlk hissədən fərqli olaraq, komanda hücümlar qurmağa çalışırdı.
– Elvin Cəfərquliyevin lüzumsuz yerə vərəqə alması artıq hamını təngə gətirib. Vəziyyətin düzəlməsi üçün nə etmək lazımdır?
– Elvin “Qarabağ”ın bəzi oyunlarında da bu cür lazımsız vərəqələr alıb. Cəfərquliyev uşaqlıqdan intizamsız futbolçu olub. Məncə, o, artıq anlamalıdır ki, oyun ərzində lüzumsuz aldığı qırmızı vərəqələr gələcəkdə onun futbolçu karyerasının tez bitməsinə səbəb ola bilər.
– Milli ilk dəfə Sumqayıtda oyun keçirirdi. Buna baxmayaraq, tribunalarda boş yerlərin çoxluğu göz deşirdi. Bunu nə ilə əlaqələndirmək olar?
– Sözün düzü, yığma komandaya futbol ictimaiyyətinin inamı çox azdır. Azarkeşlərin tribunaları boş qoymasını bununla əlaqələndirərdim.
– Santuş oyunsonrası mətbuat konfransında bildirib ki, oyunçuların potensialına görə hücum futbolu oynaya biləcəyimizi düşünürmüş. İndi isə fikirləşir ki, müdafiədə qalıb, əks-hücuma çıxmaq daha yaxşı olar. Santuşun bu fikrə gəlməsi doğrudurmu? Əgər doğrudursa, bunu ancaq 1 ildən sonra başa düşməsi gecikmiş addım deyilmi?
– Məncə, Santuş Haiti ilə oyunda yığma üzvlərinin tək-tük sürətli əks-hücum təşkilindən sonra bu fikri özü üçün müəyyənləşdirib. İstənilən oyun üslubunu meydanda həyata keçirən futbolçulardır. Onları düzgün yönləndirmək və motivasiya etmək lazımdır.
– Belarusla yoldaşlıq matçında millimizdən hansı nəticəni gözləyirsiniz?
– Ağır oyun olacağı öncədən məlumdur. Toparlanmaq lazımdır. Əks halda, bizi daha ağır nəticələr gözləyir. Komandanın daxilində mütləq lider olmalıdır. Tək məşqçi bu məsələnin öhdəsindən gələ bilməz.
ABBAS






