Azərbaycan idman ölkəsi olsa da, futbolumuz yüksək səviyyədə deyil. Təbii ki, “Qarabağ”ın uğurlarını istisna etsək… Ona görə də futbol mövzusunda kiminləsə ciddi söhbət edə bilmirsən. Danışanda ancaq problemlərdən söz açırıq. Bu səbəbdən əsas müsahibələri futbol adamlarından götürürəm. Sənət adamlarından futbolla bağlı nə danışasan?! Amma bəzi istisnalar var.

Doğrusu, sevimli aktyorumuz Elməddin Cəfərovla görüşdən əvvəl onunla söhbətimizin bu qədər maraqlı alınacağını gözləməzdim. Futbolu sevdiyini bilirdim, amma bu oyunu belə gözəl xırdaladalayacağını və problemləri dürüst dilə gətirəcəyini təsəvvür etməzdim.

– Siz Qərbi Azərbaycanda – Kəlbəcərə yaxın olan Göyçə mahalının Zod kəndində dünyaya göz açmısınız. O vaxtları xatırlayırsınız?

– Mən ikinci sinifdə oxuyarkən, 1988-ci ilin noyabrında oranı tərk etməli olduq. Çox xatırlamasam da, kəndimiz, məktəbimiz, evimiz, məhəlləmiz ümumən yadımda qalıb. Qohumlarımızın yarısı indiki Göygöl rayonuna, yarısı başqa yerlərə üz tutdu. Biz isə Gəncəyə köçdük. O vaxt cəmi 7 yaşım var idi.

– Uşaq yaşlarınızda Gəncənin mühiti və idman həyatı sizdə necə təsir bağışladı?

– İlk vaxtlarda uyğunlaşmaq çətin idi, çünki birdən-birə orta məktəbi, sinif yoldaşlarını dəyişir, yeni mühitə düşürsən. Çox çətinlik çəkirdim. Həm də yerli uşaqlar məni qəbul etmirdi. İdmana hələ kənddə yaşayanda elə-belə gedirdim. Gəncədə isə artıq əməlli-başlı məşğul olmağa başladım. “Spartak” idman kompleksində əvvəlcə bir müddət sambo dərslərinə getdim. Sonra isə bir neçə il karate ilə məşğul oldum. O zaman məşğuliyyət az idi, indiki kimi mobil telefon yox idi, tez-tez küçədə futbol oynayırdıq. Düzdür, indi məşğul olmuram, lakin idmanı sevirəm.

– Sambonu karateyə dəyişməyinizə səbəb nə idi?

– Jan-Klod van Damm. Filmlərini izlədikdən sonra ona qarşı bir sevgi yaranmışdı. 10-12 yaşım var idi, rahat “şpaqat” açırdım. Ondan əvvəl Brüs Liyə sevgimiz var idi. Sonra da içimizdəki Van Damm oyanmışdı (gülür). İdmanla məşğul olmaq həm sağlamlığım, həm də vaxtımı səmərəli keçirməyim üçün yaxşı idi.

– Neçə yaşınıza qədər idmana getdiniz?

1757786323 d572928bbeeca61794394ccdbf9f4d86 - Futbolinfo.az

– Həm orta məktəbdə, həm də mədrəsədə təhsil alırdım, eyni zamanda da idmana gedirdim. Buna görə həftəni bölüşdürürdüm. 1, 3, 5-ci günlər idmana, 2, 4, 6-cı günlər isə mədrəsəyə gedirdim. Orta məktəbdə də zərbəçi idim, yaxşı oxuyurdum. 10 yaşımdan 15 yaşıma kimi idmanla məşğul oldum, amma sonra artıq 9-cu sinifdə hazırlıqlar, sıx qrafik və s.

– İdmanda nəticələriniz var idi?

– Samboda Gəncədəki “Spartak” birinciliyində ikinci yerə çıxmışdım. Lakin çox aktiv deyildim. Karyera üzrə getmirdim, çünki əsas dini təhsilə yönəlmişdim. Ümumən elə də güclü nəticələrim olmayıb.

– Gəncə futbol şəhəridir. Futbolçu olmaq istəmisiniz?

– Səmimi deyim ki, futbol oynamaq bacarığım heç yoxdur. Hətta topu boş qapıya vura bilmirdim (gülür). Ona görə indi azarkeşlik edəndə boş qapını dəqiq nişan ala bilməyən futbolçuları da çox tənqid etmirəm. Yadımdadır, Gəncədə universitetlərarası turnirdə həvəssiz oyuna daxil oldum, künc zərbəsindən sonra topa zərbə endirmək istəyərkən başım qapı dirəyinə dəydi. Başım şişib nə boyda olmuşdu… Bundan sonra futbolla vidalaşdım. Ancaq “PlayStation” çox oynamışam, Azərbaycan çempionuna belə qalib gəlmişəm.

– “Kəpəz”in oyunlarını izləmək üçün stadiona gedirdiniz?

– Əlbəttə. Çünki birincisi, o vaxt başqa əyləncəmiz elə də çox deyildi. İkincisi, “Kəpəz”in çempion olduğu illər idi. Universitetdə oxuduğum dönəm idi, avrokubok matçlarına da gedirdim. “Kəpəz”in Polşanın LKS (Lodz) ilə qarşıdurması yadımdadır. Hər iki oyunda məğlub olduq. Özü də yaman uduzduq: səfərdə 1:4, evdə 1:3. Rəqibin heyətində az qala bütün futbolçular hündürboy idi. Çempionat matçlarını da stadiondan izləyirdim. “Kəpəz” üçün əsas derbi “Neftçi” ilə görüş sayılırdı. “Şəmkir”in güclü vaxtlarında bu komanda ilə oyunlar çox maraqlı olurdu. Həmçinin “Turan Tovuz”la Qərb derbisi. Bir də arada “Göyəzən” ilə matçlar maraqlı alınırdı.

– “Kəpəz”i indi də dəstəkləyirsiniz?

– Təbii ki. Düzdür, son illərdə bu komandanın çempionatda qərarlaşdığı mövqe xoşuma gəlmir. Amma “Kəpəz”in stadionunda yenidənqurma işləri aparılıb və düşünürəm ki, yerli orqanlar dəstək olsalar, peşəkar futbolçular alınsa, vəziyyət dəyişər. Gəncədə həmişə yaxşı oyunçular yetişib. “Kəpəz” hələ SSRİ çempionatında “Dinamo” adı altında mübarizə apardığı illərdə Azərbaycanın ən böyük ikinci klubu olub. O zaman ya 1-ci Liqada çıxış edib, ya da 2-ci Liqada yüksək yerlər uğrunda oynayıb. Lakin “Kəpəz” neçə ildir zəif çıxış edir. İnşallah, növbəti mövsümdə daha güclü olar. Yeni heyət qurular, azarkeşlər yenilənmiş stadionu doldurar və “Kəpəz” ən azı ilk “3-lüy”ə oynayar.

– Gəncə təmsilçisinin cari mövsümdə “Qarabağ”ı son iki oyunda məğlub etməsindən və çempionluq yolunda bu rəqibinə ciddi zərbə vurmasından xəbəriniz var?

resize 1 - Futbolinfo.az

– “Kəpəz” böyük matçlarda başqa motivasiya ilə oynayır. Favorit çıxdığı görüşlərdə isə qəribə çıxış edir və xallar itirir. Bu, çox təəccüblü gəlir. Ara yerdə “Qarabağ”ı bədbəxt etdi (gülür). Ağdam klubu “Kəpəz”lə bu iki matçda 6 xal qazansaydı, indi “Sabah”la xal fərqi az olardı. Hələ “Qarabağ”ın ehtiyatında “Neftçi” ilə də oyununun olduğunu nəzərə alsaq, hər şey tam fərqli ola bilərdi.

– O vaxt Gəncədən xeyli yaxşı futbolçular çıxıb. Bakıya gəlməzdən əvvəl onlarla ünsiyyətiniz olub?

– Gəncədə yox, ancaq 21 yaşımda Bakıya köçdüyümdən sonra ünsiyyətim olub. Məsələn, Mahmud Qurbanov və Hüseyn Məhəmmədovla. Yadımdadır, “Neftçi”nin futbolçusu Tərlan Əhmədov Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Kəpəz”lə matçda uzaq məsafədən qol vurmuşdu. Tam səmimi deyim ki, Hüseyni ona görə çox qınamadım ki, Azərbaycan tarixinə düşəcək qol idi. Eybi yox, qoy belə qolu buraxsın, yaddaşlarda qalsın. Mən Tərlanı həm müdafiəçi, həm də baş məşqçi kimi çox sevirdim. Çox təəssüf ki, nələrsə baş verdi və o, 2023-cü ildə “Kəpəz”dən ayrıldı. Əminəm ki, Tərlan qalsaydı və ona 2-3 il vaxt verilsəydi, komanda ilk “4-lüy”ə oynayardı. Rəhbərlik səbirli davranmır, 1 ildən sonra, bəzən hətta 6 aya və ya daha tez baş məşqçini dəyişir. “Qarabağ” nümunəsinə baxmaq lazımdır. Düzdür, Qurban Qurbanovun uğurları çoxdur, amma hətta olmayanda belə, rəhbərlik səbirlə gözlədi.

– Azər Bağırov da “Kəpəz”lə yaxşı nəticələr göstərdi, lakin onu da göndərdilər, sonra yenidən qaytardılar…

– Bu klubda pərdə arxasında nələrin baş verdiyini bilmədiyim üçün dəqiq nəsə deyə bilmərəm. Ancaq elə bil ki, bəzən uğurlu nəticələr orada kiminsə xoşuna gəlmir və ya nədirsə… Komanda düzəlirsə, dəymə, əksinə, dəstək ol. Azər Bağırova o zaman dəstək olmaq lazım idi. Məsələn, Zidan “Real”la ardıcıl 3 il Çempionlar Liqasının qalibi oldu, yola saldılar, sonra yenidən gətirdilər və artıq nəticə qazana bilmədi. Uğurlu nəticələr qazanılırsa, baş məşqçini göndərmək olmaz.

– “Qarabağ” və “Neftçi”yə münasibətiniz necədir?

– “Neftçi” Azərbaycan futbolunun uzun illər flaqmanı olub. Bu gün “Qarabağ” ölkəmizi necə tanıdırsa, o vaxt da “Neftçi” keçmiş SSRİ-də və daha sonra postsovet dönəmində ən tanınan klubumuz idi. “Neftçi” Azərbaycanın ən köklü və yaxın zamana qədər büdcəsi ən çox olan klubudur. Bu mövsüm də “Beşiktaş”ın sabiq hücumçusu Vensan Abubakarı aldılar. Bir ara “Neftçi”də hücumda çox gözəl Flavinyo – Kanales – Vobay triosu oynayırdı. 4-5 il bundan əvvəl də yaxşı heyət qurmuşdular. Ancaq sanki bir qırılma anı olur. Komanda elə ağlasığmaz xal itkilərinə yol verir ki… Hansısa rəqibləri aşağılamaq istəmirəm, amma “Neftçi” elə matçlarda uduzurdu və ya avrokuboklarda elə çıxış edirdi ki, bu kluba yaraşmırdı. “Neftçi” ilə bağlı da xoşuma gəlməyən odur ki, tez-tez baş məşqçini dəyişirlər.

– “Qarabağ”ın avrokuboklardakı çıxışı barədə nə deyə bilərsiniz?

– Tam səmimi söyləyim ki, “Kəpəz”in çempionatdakı durumu yaxşı olmadığına görə, “Qarabağ”a azarkeşlik edirəm. Eyni zamanda səbəb odur ki, Ağdam klubu avrokuboklarda ölkəni yaxşı təmsil edir. “Qarabağ” futbol tariximizdə yeganə klubdur ki, insanları stadiona yığır, bu mədəniyyəti formalaşdırır. Həmçinin çıxışı ilə kafe və restoranlara müştəri yığır. “Qarabağ” insanlarda futbola sevgi yaradır. Həm yeni nəsli, həm də yaşlı insanları stadiona yönəldir. Hətta qadınlar belə oyunlara baxmağa gəlirlər. 1990-cı və 2000-ci illərdə arenalarda ümumiyyətlə azarkeş tapılmırdı. Məsələn, MOİK-in matçlarında biabırçı vəziyyət idi, heç əsgərlər özləri baxmırdı. “Qarabağ” isə stadiona 20-30 min insan yığdı, dünyada adımızı səsləndirdi. Tyerri Anri kimi futbol adamının bu klubdan danışması böyük şeydir. Dieqo Simeone bu günə qədər “Qarabağ”ı xatırlayır. Əslində, təmsilçimizin “Atletiko”nu həmin mövsümdə Çempionlar Liqasının qrupunda saxlaması onlar üçün yaxşı oldu, gedib Avropa Liqasının qazandılar. Bu mənada “Qarabağ” çox böyükdür, bu klubu çox sevirəm.

– Amma bu mövsüm “Sabah”ın çempion olmaq şansı daha çoxdur…

1774438885 5341825588714478186 1 - Futbolinfo.az

– Mən əvvəllər “Sabah” ciddi qəbul etmirdim. Düşünürdüm ki, bir neçə il əvvəl yaranan klub necə belə çıxış edə bilər. Bu komandanın bir neçə matçına baxdım, çox gözəl futbol oynayırlar. “Qarabağ”dan sonra Rəşad Sadıqovun “Zirə”sindən sıçrayış gözləyirdim, lakin qısa müddəti saymasaq, görə bilmədim. “Sabah”ın “Qarabağ”la 3:3 hesabı ilə bitən matçına baxanda başabaş oynadığını gördüm. Hətta bu yaxınlarda aralarında kubok oyunu da oldu, stadiona 21 min azarkeş gəldi! Möhtəşəmdir! “Sabah”ın oyununu da qeyd etmək lazımdır. Sürət, ötürmələr, son vuruşlar. Bəxtəbəxt oynamırlar, konkret sistemləri var. Bundan sonra dedim ki, qoy “Sabah” çempion olsun (gülür). Demirəm ki, “Sabah” Çempionlar Liqasının Liqa mərhələsinə düşəcək, ancaq “Qarabağ”ın da hər mövsüm bunu bacaracağına zəmanət yoxdur. Çünki “Qarabağ”ın bir çox futbolçusu yayda gedəcək. Yeni gələcək oyunçuların da sistemə uyğunlaşması üçün 1 il lazım olacaq.

– Stadiona gedirsiniz?

– Əvvəllər daha çox gedirdim. Əsasən Bakı Olimpiya Stadionunda “Qarabağ”ın avrokubok matçlarını izləyirdim. “Arsenal”la oyun (0:3) o qədər pis oldu ki… Elə mən stadionda yerimə əyləşən kimi rəqib qol vurdu (gülür). Amma son vaxtlar getmirəm. Bu mövsüm “Qarabağ”ın Çempionlar Liqasının matçlarına oğullarımla birgə evdə baxmağı üstün tutdum. Övladlarım avrokubok oyunlarını az izləyir, əsasən “Barselona”ya baxırlar. Maraqlıdır ki, “Qalatasaray”ı sevmirlər, yalnız “Qarabağ”ı sevirlər. Tum çırtlayıb televizordan matçları izləyirik. Oğullarım məndən həvəsli baxır. Mən “Qalatasaray”, “Qarabağ” və “Traktor” fanatıyam. Yeri gəlmişkən, “Traktor” bu yaxınlarda Asiya Çempionlar Liqasında acı məğlubiyyət aldı.

– Qurban Qurbanovla münasibətiniz var? Heç görüşürsünüz?

– Rəşad Sadıqovla nisbətən daha yaxın münasibətim var. Qurbanın xətrini çox istəyirəm, görüşüb danışırıq, xoş günlərimizdə bir-birimizin yanında oluruq. Ancaq sırf futbolla bağlı elə də münasibətimiz yoxdur.

– Sizcə, Azərbaycan futbolunun əsas problemi nədir?

– Kiminsə xətrinə dəyəcək, amma tam səmimi olacağam. Əvvəl düşünürdüm ki, uşaq futbolumuz yoxdur və problem bundadır. Sonradan başa düşdüm ki, bizdə yaxşı azyaşlı oyunçular var, amma uşaq futbolunun mütəxəssisləri yoxdur. 2-3 güclü mütəxəssis varsa, bu, çox azdır. 50-100 elə mütəxəssis olmalıdır ki… Məsələn, İspaniya, Portuqaliya, müəyyən mənada Türkiyədə var. Bizdə nəinki uşaq futbolu, heç onun qurucuları yoxdur. 3-5 nəfərlə problem həll olunmur. Heç o 5 nəfəri də bir yerə yığa bilmirik, görürsən ki, biri başqası ilə yola getmir. Əvvəlcə mütəxəssislər öyrənmək üçün xaricə göndərilməlidir, lakin qayıtmaq şərtilə. Sonra da Azərbaycana qayıdıb sistem yaratmalıdılar. Belə ümumilikdə bir sıra klubun – “Sabah”, “Qarabağ”, “Neftçi”nin uşaq məktəbi var. “Qəbələ”nin akademiyasının fəaliyyətini dayandırması isə biabırçı hadisədir. Camaat olmazı yaradır, biz olanı ləğv edirik… Ancaq ümumən futbolda, məsələn, Gürcüstandan çox geridəyik. Hətta o biri qonşumuzdan da geri qalırıq. “Qarabağ” prizmasından baxmayaq, orada legionerlər və Qurbanov həqiqəti var.

– Necə düşünürsünüz, millimizin uğursuzluğu da bununla bağlıdır?

– Bizim xarici mütəxəssis xəstəliyimiz var. Elə bil deyirik ki, filankəs gəlib milyonları aparıb getsin. Ayxan Abbasovu niyə vaxtında təyin etmirdilər? Fernandu Santuş “Beşiktaş”da nə etmişdi ki, yığmamıza dəvət aldı? Adam Türkiyə klubunu rəzil vəziyyətə salmışdı, onu oradan qovdular, biz gətirdik. Sanki Santuşa söylədik ki, oradan ala bilmədiyin pulu gəl, bizdən al. Onun zərrə qədər vecinə deyildi ki, millimiz qalib gəlir və ya məğlub olur. Azərbaycana bağlılığı, sevgisi yox idi, yığmanı maliyyə üzərindən idarə edirdi. Xoşuma gəlməyən daha bir şey millimizi çalışdırmış əcnəbi baş məşqçilərin oyunu sakit izləməsi, futbolçularla ünsiyyət qurmaması idi. Sonuncu dəfə xaricilərdən komandaya motivasiya verən Robert Prosineçkini görmüşdüm. Ondan sonrakılar özlərini yormurdu. Ayxana hətta televizordan baxanda səsini eşidirəm ki, futbolçulara ürək-dirək verir. Bu, səhv edən oyunçulara da müsbət təsir edir. Ümumiyyətlə isə millidə ən yaxşı nəticələr Qurbanda idi, onu da tez yolladılar.

– Bəs indiki futbolçulardan kimlərlə yaxşı münasibətiniz var?

hq720 2 - Futbolinfo.az

– Xətrini ən çox istədiyim oyunçu Qara Qarayevdir. Bir az qonşuluğumuz da var idi, keçmiş “Lider” TV-nin yanında qalırdıq. Bu yaxınlarda onun atası dünyasını dəyişdi. Qara insan olaraq çox keyfiyyətlidir. Futbolçu kimi də onu çox sevirdim. Azərbaycanın Qattuzosu idi. Düzdür, Qara onun qədər aqressiv deyildi. Qarayevin gedişindən sonra anladım ki, topu tez-tez arxaya və ya yanındakı futbolçuya ötürməsi onun zəifliyi yox, sistemin tələbi idi. Qara eynilə Buskets kimi meydanda çox görünmürdü, amma bununla belə işinin öhdəsindən gəlirdi. Sən demə, Almeydanın o cür oynamasının səbəbi Qaranın onun üçün yaratdığı rahatlıq idi. Mənim üçün Qarayev Azərbaycan tarixinin ən yaxşı “6 nömrə”sidir.

– Qara Qarayev “Qarabağ”dan gedəndə təəccübləndiniz?

– Bizim futbolçular tez qocalır. Məsələn, Pirlonu 35 yaşında “Milan”dan qovdular ki, yaşlısan, getdi “Yuventus”da Çempionlar Liqasının finalında oynadı. Bizdə isə oyunçular 30 yaşa çatanda sanki dayanır. Qaranın mövqeyinə 4-5 futbolçu alınanda bildim ki, artıq ona ehtiyac olmayacaq.

– Qara ilə söhbətləşəndə futbolumuzun zəif olması ilə bağlı iradlarınızı ona bildirirsiniz?

– Təbii ki. Qara deyir ki, 3-5 komandadan başqa ölkə futbolunda stabillik yoxdur. Məsələn, “MKT-Araz” var, 2 il sonra bu klub ləğv oluna bilər. “Simurq”, “Bakı”, “Xəzər Lənkəran” – az qala hər klubun yox olmaq ehtimalı var. Yerli oyunçu inkişaf edə bilmir, çünki bir yerdə büdrədinsə, gedəcəyin komandanın sabahı bilinmir. Həmçinin futbola yatırım edən insanlar buna yalnız biznes gözü ilə baxır, elə bil kartof satırlar. Futbola pul qoyursansa, 5 il səbir etməlisən, bizim iş adamlarında bu yoxdur.

– Sizcə, aktyorlarımız, yoxsa futbolçularımız daha istedadlıdır?

– Hazırda, yəni 2025-26-cı illərdən danışırıqsa, futbolçularımız. “Qarabağ”ın avrokuboklarda göstərdiyi nəticələr göz qabağındadır. Heç bir aktyorumuz isə Avropaya çıxmır. Stiven Cerrard kimi insan “Qarabağ” haqda danışdı, komandamızdan ehtiyatlanmalı olduğunu söylədi. Ümumən aktyorlarımızın futbolçularımızdan təbiətcə istedadlı olduğunu deməzdim, elə eyni səviyyədəyik. Biz onların, onlar da bizim uğurlarımıza sevinirlər.

– Rafael və Coşqunun son konsertlərindən birində Qurban Qurbanovun parodiyasını görmüsünüz?

– Onlar xətrini çox istədiyim insanlardır. Həmin parodiyanı birmənalı qarşılamadım. Çox uğurlu konsertləri, işləri var. Ancaq sözügedən səhnəcik uğursuz idi. Bu normaldır. Hamıda, elə məndə də belə hallar olur. Qurbanov həm də Azərbaycan futbolunun simasıdır. Ola bilsin, buna görə parodiyanı doğru qəbul etmədik. Təhqir olmasa da, futbolumuzun simasının bu cür göstərilməsi bizə xoş deyildi.

– Bizdə belə komedik tamaşalar üçün ssenari yazmaq hansı səviyyədədir?

– İndi yaxşıdır, amma əvvəllər çox pis idi. Bizim universistelərdə ssenari ixtisası yoxdur. Bu təhsili yalnız praktika və ya xarici ölkə ilə onlayn yoluyla ala bilərsən. İndiki gənclər yavaş-yavaş bu onlayn sistemini öyrənir. Televiziyada yox, daha çox müxtəlif platforma vasitəsilə daha rahatdır. Bizim vaxtımızda belə şərait yox idi. Müasir dövrdə isə istədiyin məlumatı “Youtube”, “Google” və ya “ChatGPT”də tapa bilirsən.

– İdman mövzusunda “Planet Parni iz Baku”nun Şahin Diniyevi, “Komedixana”nın futbol səhnəciklərini bəyənirsiniz?

FtfIWPek1peMQLFGrPcpqqlBoKgHOX4yB8ZpRlS7 1200 - Futbolinfo.az

– Səviyyə olaraq deyə bilmərəm, lakin buna normal baxıram. Oradakı zarafatlar müzakirə olunursa, deməli, gündəmdir. Bir neçə il oldu ki, ümumiyyətlə, futbol haqda yaxşı və ya pis danışılmadı, çünki futbol yox idi. Buna görə belə səhnəciklərin tərəfdarıyam, qoy olsun. Futbol həyatımızın bir hissəsinə çevrilsin, qadınlar və uşaqlar da baxıb gülsün. “Yox, bu olmaz”, “buna icazə yoxdur” – futbol müqəddəs bir şey deyil, əyləncədir. Keyfiyyətə gəlincə… Zarafat edənlərin keyfiyyəti yüksəlməlidir ki, zarafatların da keyfiyyəti artsın. Mən onlara irad tuta bilmərəm.

– Özünüz futbol səhnəciklərinin ssenarisini yazırsınız?

– O vaxt “Tək səbir”də Qurban Qurbanov və Tərlan Əhmədovla bağlı olub. Qurbanın Serbiya və Monteneqroya qarşı dubl etdiyi oyunda (2:2). Əslində, bir qolumuzda Mahmud Qurbanov zərbə endirmişdi, top Qurbana dəyib qapıdan keçmişdi. Fərrux İsmayılov isə bu rəqiblə Bakıdakı matçda qələbə qolumuzu vurmuşdu. Həmin oyunu stadiondan izləmişdim. Amma sonra Fərruxu görmədim. Deyəsən, avtoqəza keçirmişdi.

– Futbol mövzusunda film çəkilsə, hansısa rolu oynamaq istəyərdiniz?

– Sudaşıyan (gülür). Aydın məsələdir ki, bu qarın və çəki ilə futbolçu rolunu oynaya bilmərəm. Motivasiya verən, rəqib komandanın taktikasını oğurlayıb bizimkilərə çatdıran adam olaram. Masajı da bacarmıram, deyim ki, masajçı rolunu oynayaram.

– 2017-ci ildə “Tayson” filminə çəkilmisiniz. Maraqlıdır, idmana aid olmayan kinonun adı niyə belə seçilib?

– Filmi əslində cənubi azərbaycanlılar çəkib. Neytral ad kimi “Tayson” qoydular ki, həm onların, həm də bizim bazarı cəlb etsin. Amma bəzi problemlər yarandı, film İran kinoteatrlarında nümayiş etdirilmədi. O vaxt iki dövlət arasında mədəniyyət sahəsində sazişlər var idi.

– Gərgin çəkilişlər zamanı formada qalmaq üçün idmana ehtiyacınız olur?

– Mütləq şəkildə çəkilişlərdən əvvəl bədən tərbiyəsi etmək lazımdır. Əzələlər boşalır, insan özünü daha rahat hiss edir. Gərgin olanda hətta mətni səhv deyə, sözləri düzgün tələffüz etməyə bilərsən. Mən əhvalımın yaxşı qalması üçün daha çox mahnı oxuyuram. Sırf idman mövzusunda isə arada yürüş edirəm.

– İdmanı sevən bir aktyor kimi dünya kinemotoqrafiyasında bu sahədə çəkilən filmləri izləyirsiniz?

– Bəli, ən çox “Neftlix”in çəkdiyi sənədli filmlərə baxıram. Məsələn, Joze Mourinyo haqda çəkilən kinonu izləmişəm. Həmçinin Kriştianu Ronaldo ilə bağlı filmə baxmışam. Əvvəllər onun 2014-15-ci illərdən sonra güclü oynadığını bilmişəm. Sən demə, 2008-ci ildə dünyanın ən güclü futbolçusu olub, ağlasığmaz şeylər edib. Həmin vaxt öz cinahını “söküb-dağıdırmış”. Ronaldonu yenidən həmin kinoda özüm üçün kəşf etdim. Türklərin “Real” – “Barselona” qarşıdurması haqda “Əzəli rəqabət” filmini də izləmişəm. Başa düşdüm ki, onların futbolunun yanında bizdəki rəqabət heç nədir.

– Bizim və xarici aktyorları müqayisə edəndə də eyni sözləri deyirsiniz? Yoxsa futbol planında lap uçurumdur?

– Biz uzun illər müstəmləkə ölkə olmuşuq. Həmin 70 il ərzində filmlərimiz Moskvada yoxlanışdan keçməsə idi, təsdiqlənmirdi. Belə desək, öz “altyapımız” olmayıb. Amma həmişə yaxşı aktyorlarımız olub. Buna baxmayaraq, dünya bazarına çıxa bilməmişik. Elə futbol üzrə yeganə olimpiya çempionumuz da milliyətcə azərbacanlı olmayan İqor Ponomaryovdur. Bizim futbolçularımızın o səviyyədə oynaması mümkün deyildi. Çünki ruslar necə ki futbolda bizimkilərə imkan vermirdilər, kinoda da öz aktyorlarını qabağa çəkirdilər.

– Futbolumuzu bir film janrına bənzətsəniz, hansını seçərdiniz?

– Tragikomediya. Çünki 0:8, 0:10 hesablı məğlubiyyətlərimiz olub. Düzdür, bizi sevindirən nəticələr də olub, bunun ən başlıca memarı “Qarabağ”dır. “Neftçi” və “Qəbələ”nin də fərdi uğurları olub. Bu, işin yaxşı tərəfidir. Lakin bir ara komandalarımızın məğlubiyyətlərindən bezmişdim.

– Digər idman növləri ilə məşğul olan idmançılarımızdan kimlərlə münasibətiniz var?

1713149103.122 - Futbolinfo.az

– Demək olar, əksəriyyəti ilə. Hacı Əliyev, Rafael Ağayev və başqaları – hamısı ilə münasibətim var. Bu yaxınlarda da qonşum, dostum Toqif Musayev UFC-də ilk qələbəsini qazandı.

– “Qalatasaray” azarkeşi olduğunuzu dediniz. Türkiyə çempionatı, komandanın bumövsümkü çıxışı və çempionluq şanslarını necə dəyərləndirərdiniz?

– Çox sevdiyim futbolçu Mauro İkardidir. Şəxsi həyatı biabırçı səviyyədə olsa da, “Qalatasaray”a ciddi uğurlar qazandırıb. Lakin son 1,5 ildir ortalıqda yoxdur. Bir müddət öncə Viktor Osimhen haqda sənədli filmə baxdım. O, hazırkı “Qalatasaray”ın özəyidir. Okan Buruk yaxşı məşqçidir, ancaq Qurbanov səviyyəsində sistem məşqçisi deyil. Qurban ondan güclüdür. Okanın həmişə xilaskarı olub: İkardi, Osimhen, Barış Alper və ya başqası. Osimheni heyətdən çıxarsaq, “Qalatasaray” xallar itirəcək. Sistem qurmaq üçün çox yaxşı məşqçi olmalısan. Qurbanovun “Qarabağ”ı da xallar itirir, amma sistemi olan komandadır. “Qalatasaray” bu mövsüm 100 faiz Türkiyə çempionu olacaq. Çünki “Fənərbağça” axırıncı yerlərdə gedən rəqibləri məğlub edə bilmir. Elə bil travması olan komandadır. “Qalatasaray” çempion olsa belə, Okan gedəcəksə, Avropaya yollansın. Bir də “Qalatasaray” şükürlü komanda deyil. Hansısa baş məşqçi “Fənər”i iki dəfə çempion etsə, heykəlini qoyarlar. Okan “Qalatasaray”ı 3 dəfə çempion edib, yenə də qovmaq istəyənlər var. Həmçinin qazandıqları UEFA Kuboku ilə bağlı videolarda Hakan Şükürü montajla sildirmək… (gülür)

– UFC yarışlarına baxırsınız?

– Bakıda turnir olanda gedirəm.

– Başqa idman növlərindən hansını izləməyi xoşlayırsınız?

– Məni sakitləşdirən xizəklə tramplindən tullanma yarışıdır. Bəlkə səhərə qədər baxsam, yorulmaram. Amma sırf ən güclü idmançıların olduğu turnirlər. Onların 4-ü də yarışanda bir qırğın gedir! Basketbolu bir az izləyirəm, Avroliqanı deyil, MBA oyunlarını. ABŞ-də bu idman növü daha çox şoudur, orada azarkeşlər üçün oynayırlar. Avropada isə təzyiq çoxdur, ilk növbədə xal qazanmağı düşünürlər. ABŞ-dəki basketbolçular milyonçulardır, əylənmək üçün meydançaya çıxırlar. Məsələn, Türkiyə və Yunanıstan klubları oynayanda dava düşür. Lakin MBA-da dava belə fərqlidir, qəribə aura olur.

– Futbolda VAR sistemini bəyənirsiniz?

– VAR sistemində mənim üçün 1-2 şübhəli şey var. Birincisi, ofsayd xəttini çəkəndə istədikləri kimi barmaq edə bilərlər. İkincisi, VAR-a baxıb yenə də səhv edən hakimlər. Yeni ofsayd sisteminin tez tətbiq olunmasını istəyərdim. Santimetr və millimetr söhbəti olmasın. Hansısa futbolçunun ayaqqabısının ucu, saçı ofsayda düşməsin. Daha çox qol vurulsun. Futbol varlıların oynayaraq kasıbları əyləndirdiyi idman növüdür. Məsələn, Kriştianu oynayır, bütün kasıblar yığışıb baxır. Əyləncə də çoxlu qollar vurulanda olur.

– Hansısa komandaları yaxşı təhlil etsəniz, həmin oyunu təkbaşına şərh edə bilərsiniz?

– Yox, çünki neytrallığımı qorumayacağam. Hətta sevdiyim komandam oynamasa, özümdən asılı olmayaraq, zəif tərəfə rəğbət bəsləyəcəyəm. Lakin bu il yandım-töküldüm, zəifə filan baxmırdım. İtaliya millisinin dünya çempionatına yollanmasını arzulayırdım. Ən çox da yığmada işləyən Buffona görə. İtaliya futbolu necə ölüb, nə günə qalıb? Özü də 2021-ci ildə Avropa çempionu olan milli… Sonra DÇ-2022-yə, indi də bu mundiala gedə bilmədilər. Biabırçılıqdır! Mən Roberto Bacconun dönəmindən İtaliya futbolunun azarkeşi olmuşam. Ondan əvvəl Maradona çox xoşuma gəlib.

– İlk baxdığınız dünya çempionatı hansı olub?

– DÇ-90-a tam dərk etmədən baxırdım. Deyirdim ki, bu balacaboy oyunçu nə şirindir. Ağ-qara televizorda boz formada olan komandanı dəstəkləyirdim. Sonra bildim ki, Argentina yığmasıdır (gülür). DÇ-94-də isə artıq hər şeyin fərqindəydim, əsas da Bacconu izləyirdim. Onun qəribə bir enerjisi var idi. Hətta həmin penaltini qola çevirə bilməsə də… Onsuz ona qədər komanda yoldaşları da hədəfdən yayınmışdılar. Sonra “Yuventus”dan Alessandro del Pyeronu bəyənmişəm.

– Avropada ən sevdiyiniz komanda hansıdır?

– “Real”. Axşam da “Bayern”i udacaq (müsahibə bu komandaların Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu günü alınıb – T.M.). Dünən “Barselona” “xəstəsi” olan qardaşım oğlu ilə futbola baxırdıq. Mən də “Atletiko”ya azarkeşlik edirdim. Elə sevindim ki, istəmirdim “Barselona” mərhələ adlasın. Bu gün də “Real” qalib gəlməlidir. Dəmir kimi komanda ilə oynayacağıq, onları məğlub etmək çox çətindir, özü də Münhendə. Ancaq sən Çempionlar Liqasının qalibi olmaq istəyirsənsə, istənilən rəqibə qalib gəlməlisən. Dünən paralel olaraq həm də “Liverpul” – PSJ matçına baxırdım. PSJ futbolçuları ağlasığmaz şəkildə bir-birinə ötürmələr verirdi. Vitinya lazımi anda oyunun tempini aşağı salırdı. Bu səviyyədə oyun qurucusu olar?! Torreyra filan deyil e. “Liverpul”da Virts kimi fubolçu var, amma o belə Vitinya kimi oyunu idarə edə bilmir. Vitinya əsl maestrodur, vaxtilə Pirlo kimi.

– Hamının sevdiyi, sizin isə bəyənmədiyiniz futbolçu kimdir?

214373 hcaeapdkoo - Futbolinfo.az

– Deyə bilmərəm, nəyimə lazımdır (gülür). Messi sehrbaz, vunderkinddir. Amma vallah, son dünya çempionatında Argentina millisinə Niderland və bir neçə başqa oyunda bir az da qapı açdılar. Argentinanın turnirin ilk matçında Səudiyyə Ərəbistanına uduzması, sonra isə bütün görüşlərdə qalib gəlməsi danışılmış xarakter təəssüratı yaratdı. Hər oyunda penalti və ümumiyyətlə, ssenari o qədər görünən idi ki… Səudiyyə Ərəbistanına uduz, qalan hər şey sənindir. Kor-kor, gör-gördü də. Niderlandla matçda argentinalı futbolçuya qırmızı vərəqə verilmədi, başqa məsələlər… Messi 2014-cü ildəki kimi olsaydı, qəbul edərdim. DÇ-2022-də isə o, artıq qoca kişi idi, ondan güclü oyunçular var idi. Ya da DÇ-2010-un qalibi İspaniya oldu, finalda qolu İnyesta vurdu. Niyə “Qızıl top”u Messiyə verdilər? “Barselona”dakı uğuruna görə? İnyesta da həmin komandada oynayırdı da. Ya da Sneyder “İnter”lə “trebl” etdi, millisi ilə dünya çempionatının finalına çıxdı… Allahınız olsun da.

– “Futbol artıq əvvəlki kimi səmimi və gözəl deyil” fikri ilə razısınız?

– Yox. Əksinə, indiki futbol daha yaxşıdır. Əvvəlki səmimiyyət nostaljidir. “Ovaxtkı limonadın dadını ala bilmirəm” deyənlər kimi. Əvvəl cəmi 3 növ idi, indi nə qədər soklar, sular var, get, istədiyini al. O vaxt futbol var idi? Temp çox aşağı idi, bir sıra komandalar 2-4-4 sxemi ilə oynayırdı. 2 müdafiəçi, 4 hücumçu ilə oynamaq futboldur? Düzdür, istisnalar da olub. Məsələn, Maradonanın DÇ-86-da İngiltərə ilə matçda 6 rəqibini geridə qoyaraq vurduğu qol. Özü də bu dövlətlər arasında daha əvvəl Folklend adaları uğrunda müharibə baş vermişdi. Düşmənlə oyunda sən əvvəlcə əllə qol vur, ardınca da “əsrin qolu”nu, bununla da söhbət bağlanır. Ölkə çempionatında oxşar qolu vurmaq daha asandır. Bunu Messi də, Oqtay Dərəlioğlu da, Zlatan İbrahimoviç də etmişdi. Maradona ilə bağlı nostaljini haradasa anlamaq olar. Lakin o da yolunu azmışdı.

– Hansı ölkənin futbol mədəniyyətini etalon hesab edirsiniz?

– Əvvəllər Niderlandın, ancaq onların enişinin səbəbini başa düşmədim. Bir ara Portuqaliyada da var idi, onlarda da çöküş yaşandı. İngilislər bir qədər yekəxanadır, “futbol bizimdir, başqaları da bizdən oğurlayıb oynayır” tipli yanaşırlar. Hətta İngiltərə çempionu olan komandaya verilən pul Çempionlar Liqasının qalibinin mükafatından çoxdur. Amma azarkeş mədəniyyətinə baxsaq, təbii ki, İngiltərəni deyərəm. Hətta onların 5-ci Liqasında bir oyuna baxdım, azarkeşlər stadionu tam doldurmuşdu. Matçlar da dramatik və olduqca sürətli keçir. Almaniya Bundesliqasını isə sevmirəm, sanki müəyyən soyuqluq var. Arada “Borussiya” və ya “Bayer” çempion olanda maraqlı olur. Lakin “Bayern” ardıcıl çempionluqlar qazananda maraq ölür. O vaxt “Borussiya”dan Levandovski, Götseni aldı, rəqibini məhv etdi. Fransa Liqa 1-i bir qədər maraqlı olub. Bunun da kökündə Luis Enrike dayanıb. O, PSJ-yə yeni mədəniyyət, yeni futbol gətirdi. Ona qədər klub Neymar, Messi kimi ulduzları alırdı. Enrike isə Vitinya kimi oyunçunu üzə çıxardı, hansı ki, bu gün Çempionlar Liqasında maestroluq edir.

– Sizcə, tarixin ən güclü baş məşqçisi və futbolçusu kimlərdir?

– İki baş məşqçinin – Karlo Ançelotti və Aleks Ferqyuson arasında qalmışam. 1980-ci illərdə “Mançester Yunayted” elə də güclü komanda olmadığını, gəlib onu dünya vitrininə çıxardığını və gedişindən sonrakı illərdə klubun hansı hala düşdüyünü nəzərə alsaq, Ferqyuson demək olar. Kantona ilə yola gedib, Bekhem, Giqqz, Skoulz, Ronaldonu üzə çıxarıb. Futbolçu kimi isə Maradonanı deyərdim. Adam “Napoli”də oynadığı dönəmdə DÇ-90-da İtaliya – Argentina matçından əvvəl Neapoldakı camaatın “başını bişirib”, onlar da argentinalılara azarkeşlik ediblər. Ya da başqa hadisə: Dieqonun maşınını oğurlayırlar, deyir ki, Neapolda bir daha oynamayacağam. Dərhal avtomobilini qaytarırlar. Düzdür, yanlış yoldaydı, lakin başqa səviyyə idi. Onun kimi futbolçunun bir də nə vaxtsa gəlib-gəlməyəcəyini bilmirəm. Məsələn, Peleni qəbul etmirəm, çünki Avropada oynamayıb. Ən yaxşı “11-liy”i isə bu cür seçərdim: qapıda Buffon, müdafiənin solunda Roberto Karlos, sağında Kafu, mərkəzdə Ramos və Maldini. Orta xətdə “6 nömrə”ni seçmək çətindir, yanında oyunu idarə etmək üçün Xavi olsun. Onlardan bir qədər irəlidə Maradona, hücumun sol cinahında Kriştianu Ronaldo, sağda Messi. Hücumun sivri ucunda isə əslində “9 nömrə” olmayan Anri. Orada braziliyalı Ronaldo da ola bilərdi, lakin çox sevdiyim Tyerriyə üstünlük verdim.

TAHİR MİRZƏ

4cdc40ad 4907 456d 9eef 6188cfda9586 - Futbolinfo.az
Shares: