“Araz-Naxçıvan” Misli Premyer Liqasının XXIX turunda səfərdə “Qəbələ” ilə heç-heçə (1:1) edib. Oyundan sonra “qırmızı-ağlar”ın braziliyalı futbolçusu Felipe Santos futbolinfo.az-a müsahibə verib.
29 yaşlı yarımmüdafiəçi həm komandasının nəticələri, həm də gələcək karyerası ilə bağlı sualları cavablandırıb:
- “Qəbələ” ilə heç-heçə etdiyiniz oyunla bağlı düşüncələriniz?
- Gərgin oyun keçdi. Hazırda biz çətin vəziyyətdəyik. Düşünürəm ki, komanda toparlanmalıdır. Ancaq bu halda vəziyyətdən çıxa və situasiyanı dəyişə bilərik.
- Komandanın ambisiyalarının olmaması siz futbolçuları ruhdan salır?
- Düzdür, çətindir. Bu oyunda çalışırdıq daha diqqətli oynayaq. Qol buraxdıqdan sonra hər şey daha çətinləşdi. Ən azından bir xal qazanmışıq. Əlimizdən gələni etmək üçün irəlidə oyunlar var.
- Mövsümə yaxşı başlasanız da, sonradan eniş yaşadınız. Bunun səbəbi nə oldu?
- Bu, futboldur. Çətindir. Premyer Liqada 11 yaxşı komanda var. Hamı bilir ki, bizim də yaxşı komandamız var. Ona görə də mövsüm çətin keçir. Hələ çempionat bitməyib, hələ 4 oyunumuz var. “Araz-Naxçıvan”ın formasını geyinirəm, ona görə mübarizəmizə davam edəcəyik.
- Mövsümün sonunda müqaviləniz bitir. Gələcək karyeranız barədə nə düşünürsünüz?
- Düzü, irəlidəki oyunları düşünürəm. “Araz-Naxçıvan”ın formasını geyinmək mənim üçün şərəfdir. Hələ ki, müqaviləm davam edir. Qalsam, xoşbəxt olaram. Getsəm də, fikrimcə, 2 mövsüm komanda üçün əlimdən gələni etdim.
- Adınız “Turan Tovuz”la hallanır…
- Artıq 5 ildir ki, Azərbaycandayam, hər il fərqli klublarda mənim adımı çəkirlər. Onlarla hələ ki, danışmamışam. Çünki “Araz-Naxçıvan”la bitməmiş müqaviləm var.
- Bəs “Araz-Naxçıvan” sizə yeni müqavilə təklif edib?
- Bu barədə klub prezidenti Zaur Axundovla danışmamışam. Ona çox böyük hörmətim var, 3 il onunla işləmişəm. Dediyim kimi, qalsam xoşbəxt olaram, qalmasam da, rahatam ki, əlimdən gələni etmişəm.
- Bəs xaricdən təkliflər almısınız?
- Bəli, bir çox ölkədən klublar mənimlə danışıq aparıb. Bunlar Asiya və ərəb ölkələridir. Ancaq mən və ailəm Azərbaycandakı həyata öyrəşmişik. Düşünürəm ki, 4 il bu ölkədə yaşadığım müddətdə çox insan məni tanıyır. “Qəbələ”də Azərbaycan Kubokunu qazanmışıq, “Araz-Naxçıvan”la ötən mövsüm avrokuboklara yollanmışıq. Düşünürəm ki, bu illərdə oynadığım komandalara qatqım olub.
- Yəni birmənalı olaraq karyeranızı Azərbaycanda davam etdirəcəksiniz?
- Bəli.
AĞA






