Premyer Liqaya yüksəldikdən sonra da yerli futbolçulara güvənmək istəyən “Şəfa” transfer çalışmalarına başlayıb. Klub rəhbərliyi legionerlərdən imtina strategiyası seçdiyi üçün indidən yerlilərin “ovuna” çıxıb.

Futbolinfo.az xəbər verir ki, hər xəttə bir təcrübəli oyunçu istəyən paytaxt klubu digər mövqelərə gəncləri cəlb edəcək. Amma öncə komandanın onurğa sütununu qurmaq tələb olunur.

“Şəfa” artıq ilk seçimini edib. “Qarabağ”da əsas heyətə düşməyən və müqaviləsi bitməkdə olan Bədavi Hüseynov klubun əsas məqsədidir. I Liqanın lideri elitaya yüksələn kimi 34 yaşlı müdafiəçini heyətinə qatmağa çalışacaq. Ağdamlıların baş məşqçisi Qurban Qurbanov təcrübəli oyunçunu yanında sxlamaq istəyir. Amma oyunçu özü daha çox oynaya biləcəyi komandaya keçməyə can atır.

Maraqlıdır ki, bu keçidin həll olunmasında Əfran İsmayılov canfəşanlıq göstərir. Vaxtilə “Qarabağ”da oynamış sabiq yarımmüdafiəçi “Araz-Naxçıvan”da məşqçi köməkçisi işləsə də, “Şəfa”nın əsas seleksiyaçısıdır. Klub rəhbərliyi ilə əla dostluq münasibətləri olan Əfran qeyri-rəsmi rəhbər şəxs sayılır və “Şəfa”da bütün qərarlar onunla məsləhətləşərək verilir. İsmayılov da şəxsi əlaqələrindən istfadə edərək Bədavinin keçidinə səy göstərir.

bedavi - Futbolinfo.az

Bir Premyer Liqa klubunun məşqçisinin (!) digər komandanın oyunçusunu (!) xəlvəti idarə etdiyi “Şəfa”ya aparmasının (!) nə qədər doğru olduğunu qoy sözügedən klublar müəyyənləşdirsin. Ancaq o da dəqiqdir ki, elə “Araz-Naxçıvan”ın da bir neçə yerli oyunçusu gələn mövsüm debütantın düşərgəsində olacaq.

ABBAS

Shares: