“Aşağı liqada daha çox qol vura bilərsiniz, amma elitada daha təcrübəli və keyfiyyətli oyunçularla qarşılaşırsınız. Onlar oyunu daha yaxşı oxuyurlar. Bundan əlavə, komanda heyəti də dəyişib. Mövsümün əvvəlində fərqli çempionatlardan gələn oyunçuların uyğunlaşması çətin oldu. Qış fasiləsində heyət gücləndirildi, amma hələ də adaptasiya prosesi davam edir. Üstəlik, komandada çoxlu zədəlilər var və bu da çıxışımıza ciddi təsir edir. Qarşıda 4 oyunumuz qalıb və Premyer Liqada qalmaq üçün maksimum nəticə qazanmağa çalışacağıq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Qəbələ”nin futbolçusu İsaak Amoah deyib.
25 yaşlı müdafiəçi evdə “Araz-Naxçıvan”la 1:1 hesablı heç-heçə haqqında fikirlərini bölüşüb: “Məncə, bu oyundan həm müsbət, həm də mənfi məqamlar götürə bilərik. Yaxşı oynadıq, rəqibdən üstün idik, çoxlu qol şanslarımız oldu. Təəssüf ki, istədiyimiz xalları qazana bilmədik. Əsas problem qol şanslarımızdan istifadə edə bilməməyimiz idi. Amma bunu yalnız hücumçuların üzərinə atmaq düzgün olmaz. Rəqib müdafiədə çox yaxşı oynadı və bizə çətinlik yaratdı. Sadəcə, daha çox işləməli və belə hallarda daha dəqiq olmalıyıq. Hazırda qarşıdakı oyuna hazırlaşmalı və işləməyə davam etməliyik”.
Amoah qalib gələcəkləri halda turnir cədvəlində “Kəpəz”i qabaqlamaq şansından da danışıb: “Qalib gəlib onları keçmək istəyirdik. Amma futboldur və bunu məyusedici nəticə kimi qəbul etmirəm. Məğlub olsaydıq, daha çox üzülərdik. Hələ qarşıda çox oyun var və şanslarımız qalır. Sadəcə, bu gün ehtiyac duyduğumuz üç xalı qazana bilmədik. Komanda olaraq yaxşı oynadıq, birlikdə mübarizə apardıq və bu, növbəti oyunlar üçün bizə motivasiya verməlidir”.
O, qarşıdakı oyun haqqında da danışıb: “Növbəti rəqibimiz “Zirə”dir. Onlar bu mövsüm çox yaxşı çıxış edir və keyfiyyətli heyətə malikdir. Amma biz də ora maksimum nəticə qazanmaq üçün gedəcəyik. Heç bir rəqibə hörmətsizlik etmirik, amma özümüzə də inanırıq. Hər iki komanda ən yaxşısını ortaya qoyacaq. Ümid edirəm ki, istədiyimiz nəticəni əldə edə biləcəyik”.
GÜNAY SÜLEYMANOVA






