“Sabah”ın qabonlu hücumçusu Patrik Mbinanın futbolinfo.az saytına müsahibəsi

– Kubokun yarımfinal mərhələsinin cavab matçında “Qarabağ” üzərində 2:1 hesablı qələbə qazandınız. Oyunu və finala yüksəlməyinizi necə şərh edərdiniz?

– Görüşün çətin keçəcəyini bilirdik. Yarımfinal matçı olduğunu nəzərə alsaq, bu, normal idi. Məqsədimiz bütün turnirləri qazanmaqdır. Ona görə də finala yüksəlmək bizim üçün çox vacib idi.

– Yekun nəticəni müəyyənləşdirən qola 88-ci dəqiqədə siz imza atdınız. 74-cü dəqiqədə meydana daxil olanda qol vuracağınızı hiss etmişdiniz?

– Xeyr, qol vuracağıma əmin deyildim. Meydana çıxanda yeganə məqsədim komandaya istənilən şəkildə kömək etmək idi. Bu, mənim üçün çox çətin bir dövr oldu. İlk gəldiyim vaxt ciddi şəkildə xəstələndim və təxminən 10 kilo çəki itirdim. Bir neçə həftə ərzində tibbi və fiziki hazırlıq heyəti ilə ayrı məşq etməli oldum, addım-addım formamı və çəkimi bərpa etdim. Hətta tam bərpa olunmaq və buradakı işimə fokuslanmaq üçün milli komandaya dəvəti də buraxmalı oldum. Bu səbəbdən bu qol təkcə mənim deyil, həm də klubun və komandanın qoludur. Onlar ilk gündən mənə dəstək oldular, inandılar və yenidən meydana qayıtmağımda böyük rol oynadılar. Buna görə onlara çox minnətdaram. Klub prezidenti də mənə hər zaman dəstək oldu, hətta xəstəxanada olduğum vaxtda belə yanımda idi və bunu çox yüksək qiymətləndirirəm. Əlbəttə, zəhmətin bəhrəsini görmək xoşdur, amma bu, hələ başlanğıcdır. Qarşıda bizi çox vacib oyunlar gözləyir və məqsədim hər matçda komandaya kömək etməkdir.

– Matçın baş hakimi Rəvan Həmzəzadənin penalti təyin etmədiyi son saniyələrdəki epizodla bağlı fikriniz necədir? Ümumiyyətlə, bu görüşdəki hakim idarəçiliyini necə qiymətləndirirsiniz?

– Penalti verilməyibsə, deməli, yox idi. Bizim xeyrimizə neçə dəfə penalti verilməli idi, amma verilmədi.

– Kubokun finalında rəqib “Zirə” olacaq. Şansları necə dəyərləndirirsiniz? “Zirə” finalda sizə problem yarada bilərmi?

– Əlbəttə, “Zirə” yaxşı komandadır. Bu, finaldır, ona görə də asan olmayacaq. Qalib gəlmək üçün mübarizə aparmalı olacağıq.

– “Sabah”ın mövsümü “Qızıl dubl” ilə tamamlamaq şansı olduqca real görünür…

– Bəli, yaxşı mövqedəyik, amma iş tam bitməyincə heç nə dəqiq deyil.

– “Sabah”la icarə müqaviləniz cari mövsümün sonuna kimi nəzərdə tutulub. Ancaq razılaşmaya əsasən, Bakı təmsilçisi icarə müddətinin sonunda sizi “Maribor”dan birbaşa transfer etmək hüququna malikdir. Necə düşünürsünüz, “Qarabağ”a vurduğunuz qolla “Sabah”da qalacağınızı təmin etdiniz?

– (gülür) Yox, bir qolun transferi təsdiqləyəcəyini düşünmürəm. Amma klub üçün əlimdən gələni edəcəyəm. Burada özümü çox yaxşı hiss edirəm. Nə olursa-olsun, “Sabah”ın mənim üçün etdiklərinə – göstərilən dəstəyə və digər hər şeyə görə onlara çox minnətdaram.

CAVAD

Shares: