“Bu qələbə turnir cədvəlindəki gedişatı xeyrimizə dəyişdi və üstünlüyü bizə qazandırdı. Bilirdik ki, bu matçda qalib gəlmək mütləqdir və meydana da məhz bu məqsədlə çıxmışdıq. Əlimizdən gələni etdik və istəyimizə çatdıq. Bununla belə, qarşıda bizi daha ciddi sınaq gözləyir. Ona görə də indidən həmin oyuna köklənməli və hazırlığımızı maksimum səviyyədə qurmalıyıq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Qarabağ”ın hücumçusu Musa Qurbanlı deyib.

“Neftçi” üzərində 5:1 hesablı qələbədə dubl edən futbolçu qarşılaşmanı belə dəyərləndirib: “Çox maraqlı və bolqollu oyun alındı. “Neftçi” ilə matçlarımız hər zaman gərgin keçir. Stadiondakı atmosfer isə möhtəşəm idi. Azarkeşlərimizə bizə göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Həm bizim, həm də tamaşaçılar üçün baxımlı qarşılaşma oldu. Şükür ki, qələbə qazandıq. Derbidə qol vurmaq xüsusi hisslər yaşadır. Bu oyuna yüksək motivasiya ilə hazırlaşmışdım. Məqsədim komandaya kömək etmək və faydalı olmaq idi. Qol vurmaq əsas deyil, belə oyunlarda komandaya xeyir vermək mənim üçün daha önəmlidir. Amma dayanmaq olmaz. Qarşıda yenə vacib oyun var. Bir neçə gündən sonra növbəti matça çıxacağıq. Ona görə də arxayınlaşmaq olmaz, indidən hazırlaşmalıyıq. Biz yalnız öz işimizə fokuslanırıq. Digər komandaların nəticələri ilə maraqlanmırıq. Hər oyunda maksimum nəticə qazanmağa çalışırıq. Bizim işimiz də məhz budur”.

Hücumçu oyundan sonra “Neftçi”nin qapıçısı Emil Balayev ilə söhbətinə də aydınlıq gətirib: “Emil komandanın kapitanlarından biridir və kifayət qədər təcrübəli futbolçudur. Oyundan sonra bəzi “Neftçi” azarkeşlərinin davranışları düzgün deyildi. Halbuki biz həm “Neftçi”yə, həm də onların azarkeşlərinə hər zaman hörmətlə yanaşmışıq. “Neftçi” böyük və köklü tarixə malik klubdur. Hörmətin qarşılığı da hörmət olmalıdır”.

GÜNAY SÜLEYMANOVA

Shares: