“Qəbələ”nin yarımmüdafiəçisi Domi Massumonun futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 31-ci turunda “Qarabağ” ilə 1:1-lik heç-heçə etdiniz. Halbuki çoxları belə güclü rəqiblə görüşdə məğlub olacağınızı düşünürdü. Oyun haqqında nə deyə bilərsiniz?

– İlk növbədə komandadakı uşaqlara təşəkkür etmək istəyirəm. Bu, asan oyun deyildi və ölkənin ən yaxşı komandalarından birinə qarşı belə performans göstərmək çox önəmlidir. Nəticədən razıyam, düşünürəm ki, qalib də gələ bilərdik. Amma futbol belədir.

– “Qəbələ” liqada qalmaq üçün pley-off oyunu oynayacaq. Sizcə, bu tək oyun komandaya çətin olacaq?

– Artıq bilirik ki, bizi pley-off oyunu gözləyir. Buna görə də diqqətli və ciddi olmalıyıq. Əvvəlcədən hansısa proqnoz vermək olmaz. Məqsədimiz bu mərhələni keçərək komandanı Premyer Liqada saxlamaqdır.

– Ümumiyyətlə, çoxları düşünürdü ki, “Qəbələ” liqada qalmaq yox, daha yüksək yerlər uğrunda mübarizə aparmalıdır. Sizcə, bunun alınmamasının əsas səbəbi nə oldu?

– Mövsümün əvvəlində məqsədimiz oyundan-oyuna yaxşı nəticə qazanmaq, mümkün qədər çox xal toplayaraq turnir cədvəlində yuxarı pillələrdə qərarlaşmaq idi. Amma təəssüf ki, indi liqada qalmaq uğrunda mübarizə aparırıq. Bundan dərs çıxarmalıyıq ki, növbəti mövsümdə eyni vəziyyəti yaşamayaq.

– Qarşıdakı iki oyundan pley-off matçına hazırlıq kimi istifadə edəcəksiniz?

– Bəli, bu iki oyun da bizim üçün vacibdir. Mövsümü yaxşı başa vurmaq istəyiriksə, diqqəti azaltmamalıyıq. Ona görə sona qədər sakit və fokuslu qalacağıq.

– “Karvan-Yevlax”la oyun turnir cədvəlinin son pillələrində olan iki komanda arasında keçiriləcək. Bu formal xarakterli oyunda əsas məqsəd nə olacaq?

– Turnir cədvəlindəki vəziyyətdən asılı olmayaraq, bu da bir oyundur. Məqsədimiz yarışı daha yuxarı pillədə başa vurmaqdır. Buna görə rahatlaşa bilmərik.

ABBAS

Shares: