Bu nəticə “Zirə”dən başqa marağı olan bütün tərəflər razı saldı. “Sabah” – həm “Qızıl dubl” edib titul qazandı, həm də imicinə əlavə müsbət xallar əlavə etdi; “Qarabağ” – daha nüfuzlu Avropa Liqasında oynamaq fürsəti əldə etdi; “Neftçi” – avrokuboklara bir qələbə uzaqlıqda olmaq imkanına yiyələndi.

“Sabah” ölkə kubokunu qazanmasaydı, finalın nəticəsi ədalətsiz olardı. Masazır təmsilçisi ilk yarım saatda özünə bənzəməsə də, qalan müddətdə dominant futbol oynadı. “Zirə” müdafiəyə qapansa da, “bayquşlar” qıfıla düşən açarı tapa bildi.

Qollar əla idi. “Zirə” hesabı açanda da, rəqibi əvəz çıxanda da azarkeşlərin zövqünü oxşadı. “Sabah”ın qələbə topu isə qəsəbə təmsilçisinin yorğunuqunun “təntənə”si idi. Qapıçının əllə atdığı topu hücumçu götürüb uzun reyddən sonra həlledici zərbə vurursa, ona mane ola bilməyən komanda elə avrokuboka getməsə yaxşıdır.

Nəticəni komandalar arasındakı səviyyə fərqi həll etdi. “Sabah” daha keyfiyyətli oyunçulara, yaxşı ehtiyat qüvvəyə malik olduğu üçün kuboku götürə bildi. “Zirə” yerli bazardan əl çəkməyin gərəkli olduğun yəqin ki, anlamış olar. “Şamaxı”da, “Kəpəz”də bir mösüm parlayan oyunçulara layiq olmadığı pulları verməkdənsə, uğurlu seleksiya işi qurmaq lazımdır. “Qartallar” Salifu Suma, Ange Mutsinzi, Tyaqu Silva və Eren Aydının timsalında uğurlu seçim etməyi bacardığını göstərib. Eyni yolla davam etmək, yenidən toparlanmaq daha məsləhətlidir.

“Zirə” son illərdə ən zəif nəticəsini göstərmək və avrokubokdan kənar qalmaq təhlükəsi ilə üz-üzədir. Çempionatda itirilən yersiz xallar bu aqibətə səbəb oldu. Yetərsiz heyət iki cəbhədə döyüşməyə imkan vermədi. “Qartallar” bəlkə də kuboka bu qədərönəm verməsə idi, ortabab rəqiblərlə görüşlərdə qızıldan qiymətli xallar itirməz, indi “Neftçi”dən öndə olardı.

Qaliblərin də haqqını vermək lazımdır. “Sabah” mövsüm boyu sabit oyunu ilə yadda qaldı və belə uğurlu nəticəyə tam layiq idi. Valdas Dambruskasın işi müzakirə olunmur, amma dünənki bir seçimi ilə bəlkə də mövsümün məşqçisi ünvanını şübhə yeri qoymadan ələ keçirdi. Onun ikiqat əvəzləməsindən sonra meydana çıxanların topa ilk toxunuşdaca qol yaratması fantastika idi. Komandanın liderlərini əvəz edib, onların yerinə girənlərdən maksmumu “qoparmaq” təkcə bəxt məsələsi deyil, həm də oyunu oxumaq bacarığıdır.

“Zirə” məyusdur. Qəsəbə təmsilçisinin ölkə kubokunun finalında üçüncü dəfə uduzması daha təsirlidir. Lakin Rəşad Sadıqovun yetirmələri hər dəfə çempiona, aşkar favoritə gərgin mübarizədən sonra yenilib. Titulu qazanmaq üçün daha çox güclənməyə ehtiyac var. Klub rəhbərliyi işə bir qədər ciddi yanaşmalıdır. Maliyyə dayanıqlılığı təmin edilməyincə, mövsüm boyunca bir borcu digəri hesabına bağlamaqla titul qazanmaq olmaz. “Zirə” öz bazasını, məşq meydançasını tikməli, pulunu icarələrə axıtmamalı, klub kimi böyüməlidir. Yəqin ki, Sadıqov “Titul qazanmaq üçün çox şey lazımdır” deyəndə elə bunu nəzərdə tuturdu.

FƏRİD

P.S.: “Neftçi” ayağına gəlmiş bu fürsəti dəyərləndirə bilməsə, mövsümün sonu tragikomik alınar. Son 2 tura “Zirə”dən 3 xal öndə girən bakılılara hətta bir qələbə kifayətdir. Yuri Vernidub Samir Abasovdan bərbad vəziyyətdə təhvil aldığı komandanı avrokubokun astanasınadək gətirib. Növbəti rəqiblər yorğun “Sabah” və autsayder “Kəpəz”dir.

Shares: