Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirəcək. Ruy Jorjenin rəhbərlik etdiyi komanda Pakistan yığması ilə üz-üzə gələcək.
Bu, U-20-nin portuqaliyalı mütəxəssisin rəhbərliyi altında ilk matçı olacaq.
Görüş Qəbələ şəhər stadionunda, saat 17:30-da başlayacaq.
Qarşılaşmanı izləyənlər arasında AFFA prezidenti Rövşən Nəcəf, icraçı vitse-prezident Sərxan Hacıyev və başqa rəsmilər də olacaq. Matça diqqət komandanın Azərbaycan və Özbəkistanın birgə təşkil edəcəyi dünya çempionatına hazırlığa başlamasına görə daha çoxdur.






