BBC-nin verdiyi məlumata görə, ABŞ-ın “Fox Sports” telekanalı 2026-cı il Dünya Çempionatının matçlarındakı su fasilələri sayəsində 250 milyon dollar qazanacaq.

Turnirdə hər hissənin ortasında məcburi üçdəqiqəlik fasilələr tətbiq edilib. Yayımçıların əksəriyyəti bu fasilələrdən reklam nümayişi üçün istifadə edir.

Reklam yayımının qaydaları və gəlirlər:

Reklam çarxları hakimin fasilə fitindən 20 saniyə sonra başlaya bilər və oyunun bərpasından 30 saniyə əvvəl başa çatmalıdır.
Bu o deməkdir ki, hər bir yayımçının hər matçda 30 saniyəlik 8 reklam çarxı nümayiş etdirmək imkanı var. Bütün turnir boyunca isə bu, ümumilikdə 832 reklam çarxı edir.
Amerikanın “Fox Sports” kanalında 30 saniyəlik bir çarxın orta qiyməti 200 min ilə 300 min dollar arasında dəyişir. ABŞ millisinin oyunları zamanı, eləcə də turnirin final mərhələlərində bu məbləğ 750 min dollara qədər yüksələcək. Beləliklə, su fasilələri zamanı göstərilən reklamlar kanala 250 milyon dollardan çox gəlir gətirə bilər.

Bütün dünyanı nəzərə alsaq, bu məbləğ 1 milyard dolları ötə bilər. Fasilələrdəki reklamlar Meksika, Kanada, Fransa, Almaniya, İtaliya, İspaniya, Çin, Yaponiya, Hindistan, Avstraliya, Yaxın Şərq və Afrika ölkələrində də nümayiş etdirilir.

Reklamdan imtina edən ölkələr və kanallar

Bununla belə, Böyük Britaniyada hissədaxili fasilələr zamanı reklam yayımlanmır: BBC prinsipcə reklamdan istifadə etmir, digər yayımçı (ITV) ise 60 dəqiqəlik reklam vaxtı limiti səbəbindən onu nümayiş etdirə bilmir.

İspan dilli əhaliyə xidmət edən və Latın Amerikasına yönəlmiş ABŞ-ın “Telemundo” kanalı da reklam nümayişindən imtina edib.

FIFA bu prosesdən nə qazanır?

Qeyd olunur ki, hər bir ölkədə yayımçılar reklam yerlərinin satışını özləri həyata keçirirlər, ona görə də FIFA bu əlavə fasilələrdən birbaşa mənfəət əldə etmir.

Lakin, əgər su fasilələri növbəti Dünya Çempionatlarında da tətbiq olunarsa, bu, yayımçılar üçün yayım hüquqlarının dəyərini artıra bilər. Belə olan halda, FIFA dolayısı ilə əlavə gəlir əldə edəcək.

Shares: