Şahmat üzrə 16-cı dünya çempionu, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) reytinq lideri, norveçli qrossmeyster Maqnus Karlsen Honkonqda keçirilən rapid və blits üzrə 2026-cı il komandalararası dünya çempionatında ardıcıl dörd partiyada məğlubiyyətlə üzləşib.
Karlsen rapid yarışlarında hindistanlı Arcun Eriqaisi, ermənistanlı Şant Sarkisyan, özbəkistanlı Javohir Sindarov və həmyerlimiz Aydın Süleymanlı ilə görüşlərdə uğursuzluğa düçar olub.
Qeyd etmək lazımdır ki, Karlsen 2005-ci ildən bəri ilk dəfədir ki, ardıcıl dörd partiyada məğlub olur. Həmin vaxt, onun 14 yaşı var idi. Gənc Maqnus Niderlandın Sxagen şəhərindəki turnirdə rapid üzrə iki partiyada, daha sonra isə Norveçin Moss şəhərindəki turnirdə klassik zaman nəzarəti ilə keçirilən daha iki partiyada uduzmuşdu.
Yalnız sürətli şahmat (rapid) turnirlərini nəzərə alsaq, Maqnus karyerasında ümumiyyətlə ilk dəfədir ki, ardıcıl dörd partiyada məğlubiyyət dadır. Bu uğursuz seriyaya görə norveçli şahmatçı canlı reytinqdə dərhal 28,8 xal itirib.
Karlsenin çıxış etdiyi komanda ardıcıl üç matçda qələbə qazana bilməyib və yarışın başa çatmasına iki tur qalmış medallar qazanmaq şansını itirib.






