UEFA Avropa Liqasının I təsnifat mərhələsinin püşkü atılanda “Qarabağ”ın qismətinə “Vestri” düşərkən həyacanlanmadıq. Ötən mövsüm Çempionlar Liqasının həlledici mərhələsində uğurla çıxış edərək pley-offa vəsiqə qazanan komanda üçün nəinki İslandiyanın I Liqasının, heç Avropanın ortabab komandalarının adları belə təhlükə vəd etməzdi.

Doğrudur, Ağdam klubunun heyəti artıq yenilənib. Bu komanda sürət yığana qədər xeyli çətinliklərlə üzləşə bilər. Oyunçular hələ bir qədər bir-birinə alışmalıdır. Belə məqamda münasib rəqiblə üzləşmək göydəndüşmə hədiyyə olardı. Gəlin, ötən mövsüm İslandiya Kubokunu qazanıb amma elitanı tərk edən və nəticədə də ona titul qazandıran məşqçisi ilə vidalaşıb öz yetirməsi olan bir mütəxəssisə həvalə olunan komandanın potensialına “zərrəbin” tutaq. Görək, zərrə qədər təhlükə varmı?

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan İslandiyanın “Vestri” klubu heyət baxımından daha çox kollektiv oyuna arxalanan komandadır. Klubun iştirak ərizəsində yer alan heyətə nəzər saldıqda müdafiə xəttində braziliyalı Edson Eduardo Dias Qomes, cənubi afrikalı Tibanq Sindile Teofillus Pete, şimali makedoniyalı Konstantin Çeşmeciyev və kapitan Elmar Atli Qardarsson kimi futbolçular diqqət çəkir.

Yarımmüdafiədə nigeriyalı Fatai Qbadamosi, isveçli Yakob Stensson, Qana əsilli ispaniyalı İbrahima Balde Ba, islandiyalı Birkir Eydal və Qunnar Yonas Hauksson yer alır. Hücum xəttində isə qanalı Emmanuel Aqyeman Dua, isveçli Albin Mörfelt, yerli Petur Byarnason və Yohannes Selven komandanın əsas hücum seçimləri hesab olunurlar.

1608198 - Futbolinfo.az

Baş məşqçi Qana əsilli ingiltərəli Daniel Osafo-Badunun sərəncamında fərqli ölkələrdən futbolçular olsa da, komandanın oyun fəlsəfəsi fərdi ustalıqdan çox kollektiv intizam üzərində qurulub.

“Vestri”nin oyun üslubu İslandiya futboluna xas olan fiziki mübarizə, nizam-intizam və kompakt müdafiə ilə seçilir. Komanda əksər hallarda topa nəzarəti rəqibə verməkdən çəkinmir, orta və ya aşağı blokda müdafiə olunaraq boş zonaları bağlamağa çalışır.

Hücumlar əsasən uzun ötürmələr, cinah keçidləri və ikinci toplar üzərində qurulur. Müdafiəçilərin və hücumçuların boy üstünlüyündən istifadə etməyə çalışan komanda standart vəziyyətlərdə xüsusi təhlükə yaradır. Künc və cərimə zərbələri zamanı mərkəz müdafiəçiləri irəli çıxır, hava mübarizəsində üstünlük qazanmağa çalışırlar. Bu səbəbdən “Qarabağ”ın standart vəziyyətlər zamanı maksimum diqqətli olması vacibdir.

Fərdi keyfiyyətlərə gəlincə, Edson topu müdafiədən çıxarmağı bacaran texnikalı müdafiəçi kimi seçilir. Pete və Çeşmeciyev fiziki gücləri və hava toplarındakı inamlı oyunları ilə müdafiəyə sabitlik qazandırırlar. Kapitan Elmar Atli Qardarsson isə müdafiə xəttinin təşkilatçısı rolunu oynayır və müxtəlif müdafiə mövqelərində çıxış edə bilir.

Yarımmüdafiədə Fatai Qbadamosi daha çox dağıdıcı funksiyanı yerinə yetirir, Yakob Stensson isə topun dövriyyəsində və oyunun tempinin tənzimlənməsində mühüm rol oynayır. Hücumda Emmanuel Dua sürəti ilə boş zonalara qaçış etməyi sevən futbolçudur, Albin Mörfelt və Petur Byarnason isə cinahlardan gələn ötürmələri dəyərləndirməyə çalışan hücumçular kimi fərqlənirlər.

vestri - Futbolinfo.az

Təbii ki, bu futbolçuları geniş şəkildə tanımaq çətindir. Mövcud məlumatlar və “YouTube”dakı icmallar əsasında onların oyun xüsusiyyətləri barədə ümumi təsəvvür formalaşdırmaq mümkündür.

“Vestri”nin əsas üstünlüyü kollektiv müdafiə, fiziki hazırlıq və standart vəziyyətlərdə təhlükəli olmasıdır. Bununla yanaşı, komanda yüksək sürətli kombinasiyalar və davamlı pressinq qarşısında çətinlik çəkə bilir. Texniki səviyyəsi yüksək olan rəqiblərə qarşı uzun müddət topa sahib olmaq onların güclü tərəfi hesab edilmir. Məhz buna görə “Qarabağ” oyunun tempini artıraraq, qısa ötürmələr və cinahlardakı sürətli dəyişmələrlə rəqib müdafiəsini hərəkətə məcbur edə bilsə, İslandiya təmsilçisinin müdafiəsində boşluqlar yaratmaq şansı yüksələr. Bununla belə, “Vestri” fiziki futbolu sevən, sona qədər mübarizə aparan və xüsusilə hava toplarında təhlükəli olan komanda kimi qiymətləndirilməlidir. Arada ciddi səviyyə fərqi var, ümumiyyətlə İslandiyanın birinci divizionunda oynayan komandanı təhlükəli rəqib kimi qələbə vermək absurddur.

TAHİR MİRZƏ

Shares: