ABŞ Prezidenti Donald Tramp MBA ulduzu Lebron Ceyms barədə növbəti dəfə qalmaqallı açıqlama verib.
Ağ Evdə keçirilən mətbuat konfransında Trampa basketbol tarixinin ən böyüyünün kim olduğu – Maykl Cordan, yoxsa Lebron Ceyms – sualı ünvanlanıb. ABŞ prezidenti isə oyunçuların nailiyyətlərini müqayisə etmək əvəzinə şəxsi münasibətlərinə toxunub: “Maykl Cordan mənim dostumdur. Birlikdə qolf oynayırıq. O, həqiqətən də çox yaxşı insandır. Lebron isə… Bəlkə də irqçidir. Bəlkə də Trampı sevmir, bilmirəm. Mən sadəcə məni sevən insanları sevirəm. Buna görə də seçimim qəti şəkildə Maykl Cordandır”.
Bu açıqlama Tramp və Lebron arasında illərdir davam edən qarşıdurmanın növbəti epizodu kimi qiymətləndirilir. Lebron Ceyms əvvəlki illərdə Tramp administrasiyasını irqçilik və ictimai məsələlərlə bağlı siyasətinə görə dəfələrlə tənqid edib, 2016, 2020 və 2024-cü il prezident seçkilərində isə Trampın rəqiblərini dəstəkləyib. Tramp da öz növbəsində sosial şəbəkələrdə MBA ulduzunu tez-tez hədəf alan paylaşımlar edib.
Qeyd edək ki, Lebron Ceymsin 24-cü MBA mövsümü üçün “Filadelfiya Seventi Siksers”lə müqavilə imzalayacağı ilə bağlı xəbərlər gündəmdə olduğu bir vaxtda, Trampın bu açıqlamaları da geniş əks-səda doğurub.
