“Qalatasaray” Moskva “Lokomotiv”də çıxış edən yarımmüdafiəçi Aleksey Batrakov ilə müqavilə şərtlərini razılaşdırıb.
Jurnalist Yağız Sabuncuoğlunun X sosial şəbəkəsində paylaşdığı məlumata görə, İstanbul təmsilçisi “Lokomotiv”ə futbolçu ilə maraqlandığını bildirən rəsmi məktub göndərib. Hazırda klublar arasında rəsmi danışıqlar başlayıb. “Gala Haber” nəşrinin məlumatına əsasən isə tərəflər arasında danışıqlar müsbət atmosferdə davam etsə də, hələlik ciddi irəliləyiş əldə olunmayıb.
Aleksey Batrakov “Lokomotiv”in yetirməsidir. O, ötən mövsüm bütün turnirlərdə keçirdiyi 36 oyunda 17 qol vurub və 12 məhsuldar ötürmə verib. Futbolçunun Moskva klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalının qiymətləndirməsinə görə, 20 yaşlı yarımmüdafiəçinin bazar dəyəri 28 milyon avrodur.
