Avstraliyalı tennisçi Nik Kirios karyerasında ciddi qalmaqalla üzləşib.
2022-ci il Uimbldon turnirinin finalçısı Malyorkada verdiyi dopinq-testinin nəticəsinin kokainə görə pozitiv çıxdığını açıqlayıb. Kirios baş verənlərə görə məsuliyyəti tam üzərinə götürdüyünü və azarkeşlərindən, ailəsindən, sponsorlarından, eləcə də onu izləyən uşaqlardan üzr istədiyini bildirib. O, son iki ilin fiziki və mənəvi baxımdan onun üçün ağır keçdiyini, karyerasının sonunun yaxınlaşmasını qəbul etməyin düşündüyündən daha çətin olduğunu deyib.
Tennisçinin sözlərinə görə, baş verən hadisə onun üçün ciddi xəbərdarlıq olub və buna görə qarşıdakı 28 gün ərzində sosial şəbəkələrdən və ictimai həyatdan uzaq qalaraq özünə fokuslanacaq. Kirios bu müddətdə şəxsi həyatına, xüsusilə də ailəsinin məxfiliyinə hörmət edilməsini xahiş edib və səhvindən nəticə çıxararaq daha yaxşı şəkildə geri dönəcəyini vurğulayıb.
