Şimali Amerikanın əsas qadın hokkey liqası PWHL-də qalib komandaya təqdim olunan Uolter Kuboku daşınma zamanı itib.
Ötən mövsüm tarixində ilk dəfə kuboka Kanada təmsilçisi “Monreal Viktuar” sahib çıxıb. Trofey hücumçu Dara Qreyqin çempionluq mərasimini keçirməsi üçün Alberta əyalətinin Letbric şəhərinə göndərilib, lakin konteyner təyinat məntəqəsinə çatsa da, kubokun içərisində olmadığı məlum olub.
Liqa kubokun tapılması üçün nəqliyyat şirkəti ilə birgə çalışdığını açıqlayıb. Bildirilir ki, Uolter Kubokunun orijinalı Torontodakı Hokkey Şöhrət Zalında saxlanılır, itən isə oyunçulara təqdim olunan surətidir; hər iki kubok gümüşdən hazırlanıb, 16 kiloqram ağırlığındadır, hündürlüyü 61, eni isə 33 santimetrdir.
PWHL 2023-cü ildə yaradılıb və 2026/27 mövsümündə liqada ilkin 6 komandadan fərqli olaraq artıq 12 komanda mübarizə aparacaq.
