Azərbaycan millisinin futbolçusu Toral Bayramovun formasını geyindiyi “Bursaspor” Türkiyə I Liqasının 4-cü turunda lider “Kayserispor”un qonağı olacaq.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, baş məşqçi Mustafa Er heyətdə ciddi dəyişikliklərə əl atmağı planlaşdırır.
Bildirilib ki, əsas heyətə düşməkdə çətinlik çəkən bəzi futbolçular məşqlərdəki performansı ilə məşqçi korpusunun diqqətini çəkib. Onlar arasında ilk 3 turun yalnız birində start heyətində çıxış edən Toral Bayramov da var.
25 yaşlı oyunçunun həm məşqlərdəki səylərini, həm də beynəlxalq təcrübəsini nəzərə alan çalışdırıcı onu formaya düşdükdən sonra müntəzəm ilk “11-lik”də oynatmağı düşünür.
Qeyd edək ki, “Kayserispor” – “Bursaspor” oyunu avqustun 29-da keçiriləcək. Hazırda “Kayserispor”un 9, “Bursaspor”un isə 6 xalı var. Bursalılar ardıcıl iki qələbədən sonra son turda uduzub, Toral isə fasilədə oyundan alınıb.
