“Mançester Siti”nin argentinalı yarımmüdafiəçisi Klaudio Eçeverri karyerasını Portuqaliyada davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, 20 yaşlı futbolçu “Benfika”ya bir mövsümlük icarəyə verilib. Bu barədə Portuqaliya klubunun rəsmi saytı məlumat yayıb.
Eçeverri 2024-cü ilin yanvarında “Mançester Siti” ilə müqavilə imzalayıb. Lakin o, 2025-ci ilin əvvəlinə qədər Argentinanın “River Pleyt” klubunda çıxış edib.
Gənc yarımmüdafiəçi 20 yaşadək futbolçular arasında Cənubi Amerika çempionatında Argentina millisinin heyətində 6 qol vurub və komandanın kapitanı olub.
Eçeverri “Mançester Siti”nin əsas komandasında debütünü 2025-ci ildə İngiltərə Kubokunun finalında edib. O, “Kristal Pelas”la matçın ikinci hissəsində meydana daxil olub.
