“Qələbə qazandığımız üçün çox sevinirəm. Amma ikiqat sevincliyəm ki, qol vuraraq bu qələbəyə öz töhfəmi verə bildim. Hücumçu üçün qol vurmaq hər zaman xüsusi hissdir. Əsas odur ki, komandamız vacib üç xal qazandı və mən də buna kömək etdim”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Şamaxı”nın futbolçusu Uğur Cahangirov deyib.
24 yaşlı hücumçu Misli Premyer Liqasının 4-cü turunda səfərdə “Kəpəz” üzərində qazandıqları 4:1 hesablı qələbəni belə dəyərləndirib: “Bu qələbə bizim üçün çox vacib idi. Çünki mövsümdə ilk qələbəmizi qazandıq. Düşünürəm ki, bu nəticə həm komandaya, həm də psixoloji baxımdan bizə çox yaxşı təsir edəcək. Qələbə motivasiyamızı daha da artıracaq və bundan sonra da yaxşı nəticələrin davamını gətirə biləcəyik. Düşünürəm ki, komanda olaraq mövsümə yaxşı başlamışıq. Qarşıdakı turlarda daha yaxşı “Şamaxı” görəcəyimizə inanıram. Bunun üçün məşqlərdə daha çox çalışmalı və hər oyuna maksimum köklənməliyik”.
Cahangirov komandanın qarşısına qoyduğu məqsəddən də danışıb: “Məqsədimiz mümkün qədər turnir cədvəlinin üst pillələri uğrunda mübarizə aparmaqdır. İlk üç turda cəmi bir qol vurmuşduq, amma müdafiədə daha inamlı təsir bağışlayırdıq. Son turda isə həm qol baxımından daha məhsuldar olduq, həm də hücumda nə qədər təhlükəli olduğumuzu göstərdik. Baş məşqçimiz Azər Bağırovun bizdən nə istədiyini bilirik və onun tapşırıqlarını meydanda yerinə yetirməyə çalışırıq. Düşünürəm ki, komanda olaraq bir-birimizi daha yaxşı tanıdıqca və oyun fəlsəfəsinə uyğunlaşdıqca nəticələrimiz də daha yaxşı olacaq”.
Hücumçu şəxsi çıxışı barədə də fikirlərini bölüşüb: “Mövsümə yaxşı başlamışam. Amma özümü tanıyıram və bilirəm ki, daha yaxşısını edə bilərəm. Hər oyunda komandama daha çox fayda verməyə çalışıram. Fərdi hədəfim bu mövsüm liqada 8-10 qol vurmaqdır. Əsas məqsədim isə komandama maksimum kömək etmək, qol və məhsuldar oyunlarla “Şamaxı”nın uğurlarına töhfə verməkdir”.
GÜNAY SÜLEYMANOVA

