Ümumi mükafat fondu 108 milyon dollar olan “US Open”də 1/8 final mərhələsinin oyunları keçirilir.
“Böyük Dəbilqə” turnirlərinin 7 qat qalibi Karlos Alkaras amerikalı Tommi Polla qarşılaşıb. 2 saat 20 dəqiqə davam edən görüşdə ilk setdə rəqibindən 6:4 hesabı ilə üstün olan Karlos ikinci bölümdə daha inamlı çıxış edib – 6:3. Son hissədə Pirineydən olan tennisçi ilk setdə olduğu kimi yenə də Tommiyə cəmi 4 geym toplamağa imkan verib. Beləliklə, matç ərzində 14 breykdən 4-ünü reallaşdıran Alkaras “Dəbilqə” yarışlarında ardıcıl 18-ci qələbəsini qazanaraq 1/4 finala vəsiqə qazanıb.
Daniil Medvedev isə mübarizəni dayandırıb. Rusiyalı tennisçi amerikalı Frensis Tiafo ilə 3 saata yaxın davam edən görüşdə bir dəfə də olsun set qazana bilməyib. Hərçənd 1-ci və 3-cü bölümlərdə azarkeşlər kortda bərabər səviyyəli oyuna şahidlik edib. Amma Daniil tay-breklərdə uğursuz olub. İkinci setdə isə o, cəmi 4 xal toplaya bilib.
Qadınların yarışında WTA reytinqinin lideri Arina Sabalenka uğurlu çışxışını davam etdirir. Belaruslu tennisçi 1/8 finalda ABŞ təmsilçisi Teylor Taunsendi mübarizədən kənarlaşdırıb. Arina ilk setdə 6:4, fasilədən sonra isə 6:3 hesabı ilə qalib gəlib. Mərhələ adlamaq üçün Sabalenkaya 7 breyk kifayət edib.
Ukraynalı Marta Kostyuk isə “Uimbldon” turnirinin qalibi Linda Noskova ilə bacarmayıb. Hərçənd ki, ilk setdə 7:5 hesabı ilə məğlub olmasına baxmayaraq, Marta daha sonra eyni hesabla tarazlığı bərpa edib. Amma sonuncu bölümdə Kostyuk rəqibini heç nə ilə təəccübləndirə bilməyib. Bu dəfə Noskova kortu 6:4 hesablı qələbə ilə tərk edib.

