Peşəkar Futbol Liqası (PFL) normal şəkildə fəaliyyətini davam etdirir. Qurumun prezident postuna növbəti seçkidən sonra hər hansı dəyişiklik yoxdur.
Elxan Səmədovun postunda qalması ilə yekunlaşan seçkidən sonra PFL-in büdcəsinin azaldılması ilə bağlı söhbətlər ortaya çıxdı. Halbuki bununla bağlı heç bir dəyişiklik yoxdur. Qurum ötən il sahib olduğu büdcə ilə cari mövsümü də yola verəcək.
PFL-in büdcəsi bir neçə mənbədən formalaşırdı. Bunun bir hissəsini cərimələr təşkil edirdi. Ötən mövsüm qurum klublara tətbiq edilən sanksiyalardan təxminən 850 min manat əldə etmişdi. Yəqin ki, aşağı-yuxarı yenə eyni məbləğ toplanacaq.
Ötən mövsüm legionerlərə görə alınan rüsumlar 1,5 milyon manat olub. Klubların bu il əcnəbilərə daha çox qucaq açdığını nəzərə alsaq, yəqin ki, qazanc daha da artacaq.
Çempionatın baş sponsoru bu il əvvəlki məbləği – 1,25 milyon manatı PFL-in hesabına köçürəcək. Deməli, əsas gəlir mənbəyi də kəslməyib.
Top satışı, kiçik sponsorluq müqavilələri və s.-dən ötən mövsüm 1,4 milyon manat əldə edilmişdi. Bütün bu qazanc mənbələri yerindədir və büdcə azalmayıb.
Təxminən 5 milyon manatlıq dövriyyə ilə hər şey yolunda gedir. Deməli, narahatlığa əsas yoxdur. AFFA ilə soyuq müharibənin səbəbi daha çox nüfuz, klan savaşıdır. O isə futbolumuza fayda verməyəcək. Qurumlar əl-ələ verib inkişaf üçün çalışmalıdır.

