Son günlərdə Topaz Premyer Liqasında mübarizə aparan "Sumqayıt" rəhbərliyinin futbolçu və inzibati heyətin maaşını kəsməsi ilə bağlı xəbərlər yayılıb. Futbolinfo.az xəbər verir ki, yayılan məlumatlarda buna səbəb kimi "Gənclik şəhəri" təmsilçisinin turnir cədvəlindəki hazırkı mövqeyi göstərilir.
 
Klubun mətbuat xidməti yayılan xəbərlərin həqiqət olduğunu bildirib: "Bizdə futbolçuların intizam kodeksi var. Həmin kodeksə əsasən futbolçuların davranışlarına görə xüsusi cərimələr təyin olunur. Bundan başqa klub rəhbərliyi uğursuz nəticələrlə bağlı futbolçularla ayın əvvəlində görüş keçirib. Hətta onlara bildirilib ki, nəticə yaxşılaşdırılmasa, qələbə olmasa, futbolçular müəyyən məbləğdə cərimələnəcək. Bu qərar hansısa oyuna görə hesablanmayıb. Əvvəlcədən müəyyən olunub. Bütün dünya futbolunda bu cür prosesin şahidi oluruq. Futbolçulara növbəti dəfə xəbərdarlıq olunacaq. Nəticə əldə olunana qədər bu proses davam edəcək. Amma məbləğin nə qədər olacağı klubdaxili iclasda müəyyən olunacaq".
 
Bundan başqa klub rəsmisi maaşların vaxtında ödənilməməsindən də danışıb: "Mətbuatda "Sumqayıt" rəhbərliyinin 4 aydı ki, futbolçuların maaşını verməməsi haqda məlumatlar yayılıb. Bu tamamilə yalnış fikirdi. Gecikmələrlə bağlı bizdə problem olmayıb. Hər bir klubun maaş verilmə sistemi var. Bizim futbolçularla razılığımıza əsasən klubda maaş hər ayın 15-nə qədər verilir. Bu gün də ayın 15-di. Yalnız oktyabr ayının əmək haqqısı qalıb ki, bu da günün sonuna qədər komandaya ödəniləcək. Yəni neçə aydı ki, "Sumqayıt" maaş vermir söhbəti yalandı".
Shares: