“Xəzər Lənkəran” tarixinin ən gecikmiş addımını atdı. Düzdü, bunu cənublular etmədi, Con Toşak özü axırda başa düşdü ki, getmək lazımdı, olan-qalan nüfuzunu da burada xərcləməyə dəyməz.
Ancaq o da özxoşuna getmədi. 7 rəqəmli təzminatdan əlini çəkməmək üçün sonunacan dirəndi, hansısa yolla tərəflər ümumi dil tapdı və uelsli çalışdırıcı istefa verdi.
Toşakın gedəcəyi çoxdan bəlli idi. “Xəzər Lənkəran”ın uğursuz nəticələri bunu diqtə edir. Sadəcə, təzminat məsələsi gözlənilən sonluğun acı bağırsaq kimi uzanmasına səbəb olurdu. Amma hamı bilirdi ki, əyalət klubu bu qışdan Toşakla çıxmayacaq. Cənublular Conun bir qədər yumşalacağına ümid edə-edə məşqçi axtarır, uğursuzluqlara dözürdü.
Heç kəs bu məşqçi dəyişikliyini “Bakı”ya son məğlubiyyətə bağlamasın. Oyunçuların qapıya bir zərbə belə vura bilmədiyi və ya vurmaq istəmədiyi bu matç, oyundakı istefa tələbləri və s. sadəcə, azərbaycansayağı yolasalma mərasimi idi. Toşakın halvası çoxdan çalınmışdı, onu boşqaba çəkmək qalırdı. Elə olmasaydı, Oğuz Çətin də məşqçisi olan komandanı canlı izləməyə gəlməzdi.
Çox istərdik ki, Oğuz Çətin bacarsın, lənkəranlıları çətin durumdan çıxarsın. Ancaq inanın ki, reallaşması an məsələsi olan bu təyinat da “Xəzər”ə heç nə verməyəcək. Mübariz Mənsimovun budəfəki seçimi də yanlışdı. Cənub klubunun fəxri prezidenti bəlkə də Türkiyədə yaşadığı, burada biznes qurduğu, yerli futbol camiəsi ilə yaxın olduğu üçün seçimini belə edib. İnanın ki, vitse-prezident Tuyqn Nadirovun “o, bizim baş məşqçi olmayacaq” vədi yalan çıxsa, lənkəranlı azarkeşlər yenə aldadılacaq. Çünki karyerası tamamilə fiasko olan Oğüz bu yükün altına girəcək biri deyil.
Ümumiyyətlə, “Xəzər Lənkəran”ın problemi yalnız Toşakla bağlı deyil. Bu komanda düzgün idarə olunmur, komandası üçün bəzən ölməyə, son oyunda olduğu kimi həyatlarını təhlükəyə atıb asfalt üzərinə uzanmağa razı olan azarkeşlər aldadılır. Yanlış seçimlər, yanlış transferlərlə…
Toşak əlində olan bu heyətlə heç nə edə bilməzdi, edə bilmədi də. Oğuz Çətin isə ümumiyyətlə, heç nə edə bilməz. Odu ki, “Xəzər Lənkəran” rəhbərliyi müqaviləyə imza atmamış bir daha fikirləşməlidi. Bu işi Oğuz Çətin bacarsın.
CAVAD





