"Simurq"un şərəfini qorumuş Rövşən Əmiraslanov qışda komandadan ayrılacaq. Bu barədə futbolinfo.az saytına açıqlamasında 27 yaşlı futbolçu özü məlumat verib:
 
"Hələ ki, işlərim qaydasında gedir. Məşqlərimi Şəmkirdə davam etdirirəm. Qışda "Simurq"dan rəsmən ayrılacam. Rəhbərliklə bu barədə söhbətim olub, mənə narahat olmamağı deyiblər. Çempionatda fasilənin yaranmasını gözləyirəm. Qış fasiləsində rəhbərliklə yenidən görüşəcəm. Klub rəhbərliyi mənə hər şeyin qaydasında olacağını, heç bir problemin olmayacağını bildirib".
 
Yarımmüdafiəçi futbolu buraxmamaq üçün divizionda da oynamağa hazır olduğunu bildirib: "Hələ heç bir klubdan təklif almamışam. Əgər oynasaydım, hansısa klubdan təklif gözləyərdim. Bu vəziyyətdə klubları da qınamaq olmur. Gərək oynayasan, gündəmdə olasan ki, sənə təklif gəlsin. Futbolu buraxmamaq üçün əlimdən gələni edəcəm. Premyer Liqa olmasa, o zaman diviziona gedəcəm ki, futboldan uzaqlaşmayım".
 
Sonda Əmiraslanov "Qəbələ" xatirələrindən danışıb: "Keçmiş komandam "Qəbələ" hazırda çempionluğa iddialıdı. Orada da uğursuzluqla üzləşdim. Zədələr məndən əl çəkmədi. Zədəyə qədər oynayırdım. Çempionat bitdikdən sonra da klub rəhbərliyi mənə "çıx get" demədi. Rəhbərliklə söhbətimdə mən "Qəbələ" rəhbərliyinə müqavilə müddətinin bitdiyini dedim. Onlar mənə yeni baş məşqçi təyin olunduqdan sonra heyətə kimin lazım olmasını biləcəklərini söylədilər. Lakin sonra əlaqə saxlamadılar. Buna baxmayaraq mən "Qəbələ" rəhbərliyinə təşəkkür edirəm. Onlar mənə pis davranmadılar, peşəkarcasına iş görürlər".
Shares: