Qar yağışı 1-ci divizion klublarına da öz təsirini göstərib. Futbolinfo.az xəbər verir ki, aşağı dəstə təmsilçilərindən olan "Qaradağ Lökbatan"ın yaxşı olmayan stadionu bir az da pisləşib. Belə ki, yağışlı qarlı hava şəraiti klub rəhbərliyini də narahat edir. Bu barədə saytımıza açıqlamasında klub prezidenti Tahir Mustafayev məlumat verib:
"Hələ sabah havanın necə olacağını gözləyirik. İki gündən sonra evdə "Şəmkir"lə oyunumuz var. Bu cür hava şəraiti meydanın vəziyyətinə çox pis təsir edir. Bu, tək bizə yox, digər komandalara da mənfi təsir edir. Etiraf etmək lazımdı ki, stadionumuzun vəziyyəti ürəkaçan deyil. Bu cür hava şəraiti sabah da davam etsə, yəqin ki, həmin stadionda oyun keçirməyəcəyik. Bizim bir ev oyunumuz qalıb. İnşallah, onu da problemsiz başa vurarıq. Əgər stadionda oynamaq mümkün olmasa, yəqin ki, matçı başqa bir meydanda keçirərik".
Qeyd edək ki, "Qaradağ Lökbatan" dekabrın 14-də doğma meydanda "Şəmkir"i qəbul edəcək. Qarşılaşma saat 14:00-da başlayacaq.





