Qış fasiləsi yaranan kimi Elmar Baxşıyevlə yollarını ayıran “Araz-Naxçıvan” yeni baş məşqçi axtarışlarını sürətləndirib.
Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, Premyer Liqa klubunda bu posta iki namizəd var. Onlardan biri əcnəbi, digəri isə yerlidir.
Naxçıvanlılar üçün prioritet Andrey Demçenkodur. Ukraynalı mütəxəssis bu ayın 4-də Qazaxıstan klubu “Jenis”dən ayrılıb. Hətta bu qərarda “Araz-Naxçıvan”a keçmək istəyi böyük rol oynayıb.
2012-ci ildən məşqçiliyə başlayan 49 yaşlı çalışdırıcı əsasən ölkəsi Ukraynada fəaliyyət göstərib. 2021-ci ildə Gürcüstana köçən Demçenko iki il “Dila”ya, bir il isə Batumi “Dinamo”suna rəhbərlik edib. O, 2023 mövsümündə “Dinamo”ya Gürcüstan çempionluğunu da qazandırıb.
Andrey Demçenkonun futbolçu karyerası daha parlaq olub. Peşəkar futbola 1992-ci ildə Moskva ÇSKA-sında başlayan sabiq yarımmüdafiəçi 1995-1998-ci illərdə Niderland nəhəngi “Ayaks”ın formasını geyinib. O, Amsterdam klubu ilə 2 dəfə Niderland çempionluğunu qazanıb, bir dəfə ölkə kubokunu, bir dəfə UEFA Superkubokunu, bir dəfə isə beynəlxalq kuboku başı üzərinə qaldırıb.
“Araz-Naxçıvan”ın B variantı isə Samir Abasovdur. Cari mövsümə “Neftçi”nin “sükanı arxasında” başlayan Abasov Premyer Liqanın 12-ci turunda “İmişli”yə 2:3 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib. Demçenkonun tələbləri yüksək olduğu üçün ondan imtina edilərək Abasovla anlaşılması da realdır.







