Misli Premyer Liqasının 26-cı turu bir sıra maraqlı statistik göstəricilərlə yadda qalıb.
Futbolinfo.az saytının məlumatına görə, diqqətçəkən məqamlardan biri azarkeşlərlə bağlıdır.
Bu turun 6 oyununda tribunalarda ümumilikdə 3935 tamaşaçı olub. Orta hesabla hər matça 656 nəfər düşür. Bu, cari mövsümün ən az azarkeş toplayan 4-cü turudur. Bu baxımdan antirekord 3200 tamaşaçı ilə 9-cu turdur.
“Qarabağ” və “Sumqayıt” cari mövsüm 30 000 tamaşaçı limitinə çatan ilk iki komanda olub. 26-cı turda “kimyaçılar”ın “Neftçi” ilə (1:3) ev görüşünü 1950, ağdamlıların “Karvan-Yevlax”la (7:0) matçını 800 azarkeş izləyib. Mövsüm ərzində “Qarabağ”ın 14 ev qarşılaşmasına 30 115, “Sumqayıt”ın doğma divarlar arasındakı 13 oyununa isə 30 460 nəfər toplaşıb.






