Misli Premyer Liqasında 27-ci turun oyunları bəzi komandalar üçün müxtəlif seriyanın davam etməsi, bəziləri üçün isə başa çatması ilə əlamətdar olub.

Futbolinfo.az saytının məlumatına görə, “Şamaxı” və “Qəbələ”nin öz meydanında qələbə həsrəti davam edib. Birincilər son turda doğma meydanda “Qarabağ”la qolsuz bərabərə qalıb, “qırmızı-qaralar” isə “İmişli”yə (0:1) məğlub olub. Bununla “Şamaxı”da evdə qələbəsizlik seriyası 7, “Qəbələ”də 5 oyuna çatıb. Ayxan Abbasovun yetirmələri sonuncu dəfə azarkeşləri önündə 15-ci turda “Zirə”ni (2:1), Kaxaber Sxadadzenin kollektivi isə 18-ci turda “İmişli”ni (3:2) məğlub edib.

“Sabah” və “Turan Tovuz” isə öz meydanındakı uğurlu çıxışını davam etdirib. Bakılılar son olaraq “Zirə”yə (2:2) uduzmayıb, tovuzlular isə “Sumqayıt”a (2:1) qalib gəlib. “Sabah”da doğma arenadakı məğlubiyyətsizlik seriyası 13, “Turan Tovuz”da 6 matça yüksəlib. Premyer Liqanın lideri yeganə yenilgisini 3-cü turda “İmişli”dən (0:1) alıb. Bölgə komandası isə axırıncı dəfə 15-ci turda “Sabah”a (1:3) uduzub.

Bundan başqa, “Qəbələ” səfərindən 3 xalla dönən “İmişli” səfərdəki qalibiyyətsizlik seriyasına son qoyub. Debütant 6 səfər matçından sonra tilsimi qırmağı bacarıb. Komanda buna qədər sonuncu dəfə 12-ci turda Bakıda “Neftçi”dən (3:2) güclü olmuşdu.

“Kəpəz” ardıcıl 4-cü, “Sumqayıt” isə 5-ci səfər qarşılaşmasında qələbə üzünə həsrət qalıb. Gəncəlilər “Karvan-Yevlax”a (1:4), “kimyaçılar” isə “Turan Tovuz”a (1:2) uduzub. “Kəpəz” axırıncı dəfə 17-ci turda “Qarabağ”ı (2:0), “Sumqayıt” isə 18-ci turda “Karvan-Yevlax”ı (2:0) səfərdə məğlub edib.

Shares: