Qadın futbolçulardan ibarət Macarıstan millisinin baş məşqçisi Aleksandra Sarvaş dünya çempionatının seçmə mərhələsində Şimali Makedoniya ilə keçirilən oyunla bağlı fikirlərini bildirib.
C Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alan macarlar son olaraq doğma arenasında Şimali Makedoniyanı 7:0 hesabı ilə məğlub edib. Sarvaş Azərbaycan yığması ilə keçiriləcək qarşılaşma ilə bağlı da danışıb: “Şimali Makedoniya ilə oyunlar bizim üçün əla alındı. Düzdür, müəyyən yorğunluq oldu, üç gün ərzində təyyarə və avtobusla 15 saat səyahət etdik. Bu da ideal şəraitdən uzaq idi. Ancaq oyun və nəticələrlə göstərdik ki, əvvəlki Macarıstan geri dönür. Onu da bilirik ki, Azərbaycanla keçirəcəyimiz növbəti oyun tamamilə fərqli olacaq. Həmin matça sıfırdan başlayacağıq. Azərbaycandakı qarşılaşmada qarşıya qoyulan hədəfə çatmaq üçün hər şeyi edəcəyik”.
Qeyd edək ki, Azərbaycan – Macarıstan matçı iyunun 5-də baş tutacaq. Hazırda qrupda macarlar 10 xalla birinci, Azərbaycan isə 9 xalla ikincidir.






