Zaur Axundov qədər arxayın adam olmaq da bir başqa zövqdür. O qədər əmin danışır ki, sanki Azərbaycanda futbolun varlığı elə ondan asılıdır, əlini çəksə, sistem çökər. Hələ sanki hədə-qorxu da gəlir ki, “pul verməsəz gedərəm”.
Bu tələb illərlə hesabat istənilmədən milyonların həvalə edildiyi, futboldankənar xəttlərlə sərvət qazanmasına şərait yaradılan birinin arxayınlığının məhsuludur. Futbola calaq etdiyi qardaşı axtarışda olan, özü haqqında ev həbsində olması barədə xəbərlər yayılan şəxs indi ortaya çıxaraq yeni tələblər irəli sürür.
Həm Azərbaycan Futzal Federasiyasının, eyni vaxtda həm də Naxçıvan Futbol Federasiyasının prezidenti olan Axundovun qol.az saytına müsahibəsi maraqlı nüanslarla doludur. Ən əsası, Zaur bəy rəsmiyyətdə heç bir bağlılığının olmadığı “Araz-Naxçıvan” haqqında danışır, klubun transfer siyasətindən, məşqçi dəyişikliyindən bəhs edir.
Klubun rəsmi saytına nəzər yetirsək, Zaur bəyin adını heç bir bölmədə görmərik. İdarə Heyətində klubun prezidentinin, Müşahidə Şurasında isə yalnız sədrin adı qeyd olunub. Vəssalam. Amma Axundov müsahibəsində klubun əsas idarəçisi kimi danışır. Ona bu səlahiyyəti, rahatlığı kim verib görəsən?
Son günlər “Araz-Naxçıvan”ın növbəti mövsüm Premyer Liqada olmayacağı ilə bağlı söz-söhbət çoxalıb. Görünür, Axundovun müsahibəyə həvəslə razılıq verməsinin səbəbi də budur. O, sanki bu təhlükəni sezdirmək, əlavə qazanc yerləri, yeni xəttlər almaq arzusundadır: “Növbəti mövsümlə bağlı bir məsələni açıqlayım. Mənim özümün Naxçıvan Futbol Federasiyasında qalıb-qalmayacağım, kluba himayədarlıq edib-etməyəcəyim sual altındadır. Bilirsiniz ki, bu klubu biz yaratmışıq. Maliyyəni də hər zaman biz ayırmışıq. 2023-cü ildə “Araz-Naxçıvan” Premyer Liqaya yüksələndə mən dəstək gözləyirdim. Xüsusən də naxçıvanlı iş adamlarından. Çünki klub yarım milyona yaxın əhalisi olan Naxçıvanı təmsil edir. Qısa zamanda kiçik büdcə ilə Elmar Baxşıyevin rəhbərliyi altında bürünc medal qazandı, UEFA Konfrans Liqasında “Aris” kimi klubu mübarizədən kənarlaşdırdı. Təəssüf ki, komanda naxçıvanlı iş adamlarından mən gözlədiyim dəstəyi görmədi. Kiməsə zəng vurub demək ki, kluba pul ayırın, bu, mənim xasiyyətimə yaddır”.
Birincisi, Axundovun AFFA İcraiyyə Komitəsindən kənarlaşdırılan kimi özünü Naxçıvan Futbol Federasiyasına calaması təsadüf deyildi. Bu, futboldan, onun imkanlarından əl çəkməmək üçün idi. Və Zaur bəyin həmin federasiyadan ayrılması ilə Azərbaycan futbolu heç nə itirməyəcək. Kluba himayədarlığa gəlincə, Axundov heç vaxt cibinin pulunu xərcləməyib, klub dövlətin ayırdığı yardım və Zaur bəyin özünə yaradılan fürsətlərin hesabına yaşayır. Və “Araz-Naxçıvan”ın Premyer Liqada Mərdəkanda məskunlaşdığını, muxtar respublikaya heç bir bağlılığının olmadığını nəzərə alsaq, olmaması daha məsləhətlidir. Çünki bu klub Naxçıvanın idman imici üçün deyil, Zaur bəyin biznes obyekti kimi fəaliyyət göstərir.
İkincisi, “Araz-Naxşıvan” Premyer Liqaya Axundovsuz yüksəlib. “İnter”i qamarlayıb “Keşlə”yə çevirən, daha sonra klub “Şamaxı”ya çevriləndə onu əlindən buraxmayan Zaur bəy yalnız bölgə təmsilçisindən qopardılandan sonra doğma Naxçıvanı yada saldı. Bunu sevdiyindən etsəydi, kluba I Divizionda olarkən dəstək verərdi, Premyer Liqaya gəldikdən sonra qarmaq atmazdı.
Üçüncüsü, ağlı olan heç bir iş adamı Axundovun idarəçiliyində olan kluba maliyyə ayırmaz. Çünki “Araz-Naxçıvan”a gedən pul Ceyhun Sultanov və başqa əlaltıların vasitəsi ilə, transferlər yolu ilə havaya sovrulur, cibə gedir. Həm də naxçıvanlı iş adamları nəyə görə Mərdəkanda lövbər salan kluba yatırım etsin? Klub muxtar respublikada fəaliyyət göstərsəydi, yerli gənclərin sağlam həyat tərzinə yönəlməsinə töhfə versəydi, yerli azarkeşlərin sevinc mənbəyi olsaydı, bəlkə də kimsə bunu edərdi, lakin Axundovun cibinə pul basmaq kimsənin marağında deyil.
Dördüncüsü, “Bu klubu biz yaratmışıq, maliyyəni də hər zaman biz ayırmışıq” deyəndə Axundov I şəxsin cəmində kimi nəzərdə tutur? Özünü və qanunsuz əməllərdə ittiham olaraq axtarışda olan prezident qardaşınımı?
Zaur bəy həmkarımızın növbəti sualından sonra fərqli danışır: “Hələ vaxt var. Zaman necə olacağını göstərəcək. Amma dediyim kimi, mən gözlədiyim dəstəyi görmədim. Kiməsə məcburən komandaya sponsorluq et də deyə bilmərik. Sadəcə bilmək lazımdır ki, bu komanda Naxçıvanı təmsil edir. Cari mövsüm bu büdcə ilə 5-6-cı yerdəyiksə, bunun özü yaxşı nəticədir… Bir sözlə, hər şey maliyyəyə bağlıdır. Ad olaraq komanda qalsın, növbəti il aşağı liqaya düşsün – mən bunu qəbul edə bilmərəm. “Keşlə”də 2 dəfə kuboku qazandıq, 1 dəfə üçüncü olduq, avrokuboklarda çıxış etdik. Hazırkı vəziyyətdə isə 4-5 milyonla iddialı komanda formalaşdırmaq demək olar ki, mümkünsüzdür. Dediyim kimi, hərənin öz baxışı var. Bu da mənim yanaşmamdır. “Araz-Naxçıvan” kimi formalaşmış komandanı itirmək olmaz. AFFA rəhbərliyi ilə bu barədə söhbətimiz olacaq”.
“Hələ vaxt var” ifadəsi boşuna deyil. Axundov əlavə maliyyə, qazanc imkanları gözlədiyini göstərir. Amma unudur ki, maliyyəni özü xərcləməlidir. Xərcləmək istəmirsə, klubdan yapışmaq lazım deyil, kənara çəkilsin, yəqin başqa sponsor tapılar, onlar da öz idarəçilərini təyin edər; yox, əl çəkmək istəmirsə, o zaman ona yaradılan şəraitə uyğun olaraq əlini cibinə salsın.
Axundovun “Sadəcə bilmək lazımdır ki, bu komanda Naxçıvanı təmsil edir” deməsi də daha çox hədə qoxuludur. Görəsən, Premyer Liqada olduğu müddət ərzində Naxçıvan üzü görməyən komandanın haranı təmsil etməsi Zaur bəyin yadına indi düşüb? AFFA rəhbərliyi ilə nə danışacağını bilmirik, əlavə pul istəyəcəksə, bunu görməyəcək. Çünki assosiasiya hamıya eyni gözlə baxmağa məcburdur.
Axundov iyunda Naxçıvanda iş başlayacağını, stadionun yenidən qurulacağını deyir. İnanmıram. Çünki bunu düz 3 ildir deyir: “Təəssüf ki, “Araz-Naxçıvan”ın infrastrukturla bağlı problemləri var. Avtobus bir yana, adicə məşq etməyə belə yerimiz yoxdur. Bir dəfə zəng vurub ondan xahiş edirəm, gələn dəfə bir başqasından. İkinci dəfədir “Liv Bona Dea Arena” təmirə bağlanır, məcburən gedib Sumqayıtda oynayırıq. Komanda sanki ortalıqda qalıb. Halbuki 2 il əvvəl daha az büdcə ilə qazonu da dəyişə bilərdik, işıqlandırma sistemini qaydasına salmaq mümkün idi. Naxçıvanda oynamaq bizə də sərf edir. Hər matça an azı 8-10 min adam gələcəkdi. Adicə bileti bir manata satanda vergisini çıxdıqdan sonra komandanın xərclərinə də kömək olacaqdı”.
Hörmətli Zaur bəy bu qədər dəqiq hesablama aparır, amma əsas suala cavab vermir. Ötən mövsümlərdə klubun büdcəsi kifayət qədər yüksək olub. Məsələn, 2024-cü ildə 6,2 milyon manat xərclənib. Hər il heyəti əcnəbilərlə doldurmaqdansa, 2-3 ehtiyatda yatan legionerə xərclənən 1 milyon manat infrastruktura sərf olunsaydı, indi klubun heç bir problemi olmazdı. Çünki naxçıvanlıların büdcəsinin yarısı qədərlə normal futbol oynayan xeyli komandamız olub.
Axundov görünür, Naxçıvan stadionuna sahib olmaq istəyir, buna razılıq almadığı üçün təmirə diqqət yetirmir, icarəyə götürmək variantını ağlının ucundan keçirmir. Halbuki onun yiyəsi olduğu meydanlar var idi və orada da heç bir iş görməmişdi. Xatırlayırsızsa, bir ay öncə Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayevin qərarı ilə Gənclər və İdman Nazirliyinin tabeliyində olan İ.Axundlu adına Naxçıvan Muxtar Respublika Stadionu və Ordubad Şəhər Stadionunun Naxçıvan Futbol Federasiyasının istifadəsinə verilməsi barədə Naxçıvan MR. Nazirlər Kabinetinin 12 oktyabr 2023-cü il tarixli, 132 nömrəli qərarı ləğv edildi. Bununla da hər iki stadion federasiyanın istifadəsindən çıxarıldı. Həmin arenalarda da “Araz-Naxçıvan”ın doğma respublikada oynamasını təmin etmək olardı. Bəhanə lazım deyil, Bakıda, Sumqayıtda məşq yeri axtarmaqdansa, Naxçıvanda ixtiyarında olduğu meydanları səhmana salmaq, onları Premyer Liqa səviyyəsinə qaldırmaq olardı. Bəlkə elə yerli federasiyadan ayrılmaq fikrinə düşməyin altında bu qərarın rolu var?
Axundov AFFA-nı hədələməkdənsə, dövlətdən əlavə gəlir yeri ummaqdansa, əlində imkanlar olarkən görmədiyi işləri xatırlasın. Pul dağıtmaqdan başqa heç bir iş görməyən, sabaha yönəlik heç bir addım atmayan birisinə niyə yeni şəraitlər yaradılsın ki? Dövlət pul ayırırsa, sponsorlar dəstək olursa, həmin vəsaiti niyə məhz Zaur bəy idarə etsin?
ABBAS






