“Kubokun finalında rəqibin heç bir fərqi yoxdur. Düzdür, bu mövsüm “Sabah” çox yaxşı oyun sərgiləyir. Amma rəqib “Qarabağ” və ya “Neftçi” də olsa, finalda heç kim avantajlı deyil. Ona görə çalışacağıq ki, qalib gələk və kuboku qazanaq”. Bu sözləri futboinfo.az saytına açıqlamasında “Zirə”nin futbolçusu İsmayıl İbrahimli deyib.

28 yaşlı yarımmüdafiəçi “Zirə avrokuboklara yollana bilməsə, faciə olarmı” sualına belə cavab verib: “Faciə deməzdim, bu, futboldur. Amma biz avrokuboklara vəsiqə qazanmaq üçün hər şeyi edəcəyik – həm kubokda, həm də çempionatda”.

İbrahimli Azərbaycan Premyer Liqasının XXIX turunda səfərdə “Turan Tovuz”la 1:1 hesablı heç-heçə etdikləri oyunla bağlı fikirlərini bölüşüb: “Rəqibin gücünü bilirdik. “Turan Tovuz”la aramızdakı oyunlar həmişə mübarizəli keçir. Maraqlı oyun alındı. Son dəqiqələrdə yaxşı fürsətlərimiz oldu, amma yararlana bilmədik. Fikrimcə, qələbəyə daha yaxın tərəf biz idik. Bilirdik ki, bizə 3 xal lazımdır, amma 1 xal qazandıq. Belə səfərdə bu da pis nəticə sayılmaz. Həmişə düşündüyümüz kimi olmur. Çempionat sona yaxınlaşdıqca gərginləşir. Rəqiblərimiz də, biz də xal itiririk. Ona görə çempionatın sonuna kimi mübarizəmizi davam etdirəcəyik”.

Futbolçu Tovuz şəhər stadionunun durumundan da danışıb: “Tovuz səfəri çox çətindir. Amma sevindiricidir ki, Tovuz şəhər stadionunun ot örtüyü təbiidir. Əvvəl süni idi, ona görə daha çətin olurdu. Tovuzda, tovuzlu azarkeşlərin önündə oynamaq həmişə rəqiblər üçün çətindir”.

İsmayıl gələcək karyerasına da aydınlıq gətirib: “Zirə” ilə bir illik müqaviləm var. Başqa təkliflərim yoxdur. “Zirə” ilə davam etmək istəyirəm”.

Shares: