“Qəbələ”də vəziyyət gərgindir. Autsayderlər qrupundan ayrıla bilməyən və hələ də Premyer Liqanı tərk etmək qorxusu qalan komandada daxili problemlər bitmir.

Futbolinfo.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Kaxaber Sxadadze “Araz-Naxçıvan”la son matçdan sonra keçirilən mətbuat konfransında dedikləri ilə bunu təsdiqlədi. Gürcü çalışdırıcı komandaya cəlb edilən, amma heyətdə olmayan Turan Manafov və Paulo Quimbila haqda suala cavab verərkən “Bu sualı klub rəhbərliyinə versəz, yaxşı olar” deməklə məsuliyyəti üzərindən atdı, amma problem olduğunu gizlətmədi.

Həmin gündən bəri dəfələrlə “Qəbələ” rəhbərliyinə Sxadadzenin boyun qaçırdığı sualı ünvanlamışıq. Lakin rəsmilər günü günə satmaqla məsələni unutdurmağa çalışır. Belədə öz əlaqələrimiz vasitəsi ilə məsələni dəqiqləşdirməyə nail olduq.

Anqolalı sağ vinger Paulo Quimbila hazırda “qırmızı-qaralar”ın əvəzedici komandasında oynayır. Yayda alınan 19 yaşlı futbolçu gələcək üçün düşünülür, onunla 3 illik müqavilə imzalanıb. Bu səbəbdən Bəhreyn təmsilçisi “Əl-Əhli”dən gələn afrikalının əsas heyətdə görünməməsi haradasa başadüşüləndir.

Amma Manafovla bağlı vəziyyət başqadır. 3 illik müqaviləylə bağlı olduğu Cənubi Afrika Respublikası (CAR) klubu “Stellenboş”dan icarəyə götürülən Turan Sxadadze ilə dalaşıb. 27 yaşlı müdafiəçi onu məşq zamanı təhqir edən gürcüyə cavab qaytarıb və bu üzdən heyətdən kənarlaşdırılıb.

Münaqişənin əlbəyaxa davaya çevrilməsinə digər futbolçular imkan verməsə də, klub rəhbərliyi olaya görə hər iki tərəfi ciddi şəkildə danlayıb. İndidən bəllidir ki, mövsüm bitən kimi – nəticələrdən asılı olmayaraq – Sxadadze qovulacaq. Çünki bu, onun ilk belə hərəkəti deyil. Azarkeşlərlə də dalaşan məşqçi oyunçularla eyni səbəbdən tez-tez problem yaşayır. Onun məşqlər, oyunlar zamanı tez-tez söyüş işlətməsi hamını bezdirib. Klub rəhbərliyinin onu qovmağa cəsarəti çatmır.

Manafov isə artıq Afrikaya qayıtmaq haqda düşünür. “Qəbələ” ilə 5 aylıq müqavilə imzalayan oyunçu ümumilikdə  40 min dollar qazanacaq və o, anlaşmanın şərtlərnə əməl edərək sonadək hazırlığa qatılmaq, pulunu aldıqdan sonra getmək niyyətindədir.

“Qəbələ” rəhbərliyi belə olayları gizlətməyə çalışsa da, buna nail ola bilmir. Sxadadzenin ərköyünlüyünün qarşısını ala bilməyən klub idarəolunmaz vəziyyətdədir. Bu gedişlə komanda pley-offa matçında I Liqa təmsilçisinə uduzsa, təəccüblənmərik.

FƏRİD

Shares: