“Düşünürəm ki, hələ inkişaf etməliyəm. Komanda qələbə qazanmayanda mən öz performansımdan razı qala bilmərəm. Daha yaxşı çıxış edib komandaya fayda verməyi düşünürəm”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Kəpəz”in futbolçusu Rauf Hüseynli deyib.

26 yaşlı yarımmüdafiəçi Misli Premyer Liqasının XXIX turunda səfərdə “Şamaxı”ya 0:2 hesabı ilə uduzduqları oyunla bağlı danışıb: “Epizodlardan yararlana bilmədik. Komandaya nə olduğunu bilmirəm. Rəqib öz meydanında oynayırdı, bilirdik ki, çətin olacaq. Qələbəyə çox ehtiyacımız var. Təəssüf ki, məğlub olduq. İndi önümüzə baxacağıq”.

Hüseynli Azər Bağırovun “Kəpəz”dən ayrılacağı ehtimallarının komandaya təsirinə də münasibət bildirib: “Bu barədə sosial şəbəkələrdə informasiyalar görürük. Amma bu, sadəcə söz-söhbətdir. Biz öz işimizi görürük. Baş məşqçimizin tapşırıqlarını bacardıqca düzgün yerinə yetirməyə çalışırıq. Məğlubiyyətə görə o da üzgündür. Paltardəyişmə otağında söhbətimiz oldu. Amma ailə içində olan ailə içində də qalır. Nəsə deməyim düzgün deyil. Qarşıda 4 oyunumuz var. Hər şey öz əlimizdədir. Çalışacağıq maksimum nəticə qazanaq və elitada qalaq”.

Yarımmüdafiəçi Gəncə təmsilçisi ilə yayda başa çatacaq müqaviləsini yeniləməsi ilə bağlı suala isə belə cavab verib: “Komanda elitadan düşsə, qalıb-qalmayacağımı bilmirəm. Hələ ki, fikrim “Sumqayıt”la oyundadır. Bu matçda çıxıb əlimizdən gələni edəcəyik. Rəqibin gücünü bilirik. Amma bizim də vacib xallara ehtiyacımız var. İnanıram ki, bu görüşdə xal və ya xallar qazana bilərik”.

Shares: