“Araz-Naxçıvan”ın moldovalı qapıçısı Kristian Avramın futbolinfo.az saytına müsahibəsi

– “Qəbələ” ilə çempionat oyununda 1 xalla kifayətləndiniz. Bu nəticə sizi razı saldı? Qalib gəlmək üçün nə çatışmadı?

– Təbii ki, belə nəticə bizi qane etmir. Qələbə üçün nə çatışmadı? Yəqin ki, Qəbələdən üç xalı gətirmək üçün öz fürsətlərimizi daha yaxşı dəyərləndirməli idik.

– Buraxdığınız qolda öncə Rahil Məmmədov, sonra isə Ömər Buludov səhv etdi, nəticədə avtoqol qeydə alındı. O epizodu necə şərh edərdiniz?

– Mən deməzdim ki, kimsə bu oyunda çalışmadı – hamı qol buraxmamağımız üçün əlindən gələni etdi. Sadəcə, bəzi məqamlarda rəqib daha şanslı oldu. Bəzi anlarda isə topu qapımızdan uzaqlaşdırmaqda bir qədər çətinlik çəkdik.

– Bir neçə oyunda ehtiyatda qaldıqdan sonra əsas heyətə qayıtdınız. İlk ”11-lik”də möhkəmlənə və mövsümün son oyunlarını da əsas heyətdə keçirə biləcəksiniz?

– Mən həmişə oynamağa hazıram. Bəli, ehtiyatda qaldığım dövr oldu, amma bu, artıq keçmişdə qaldı. İndi ən vacibi növbəti oyuna düzgün hazırlaşmaqdır.

– Növbəti turda “İmişli”ni qəbul edəcəksiniz. Bu oyundan hansı nəticəni gözləyirsiniz?

– “İmişli” çox döyüşkən komandadır. Rəqibin öz oyun planı var və biz buna hazır olmalıyıq. Anlayırıq ki, matç asan keçməyəcək. Buna görə də “İmişli” ilə görüşə çox yaxşı və düşünülmüş şəkildə hazırlaşmalıyıq.

– “Araz-Naxçıvan”ın avrokuboklara çıxmaq şansı indiki halda çətin görünsə də, riyazi cəhətdən qalmaqdadır. Bunu reallığa çevirəcəyinizə inanırsınız?

– Bəli, şansımız var. “Araz-Naxçıvan” heç vaxt təslim olmayan və daim irəli gedən komandadır. Heyətdə hər kəs özünə inanır və bilir ki, bütün oyunları qazanmaq üçün əlimizdən gələni edəcəyik. Turnir cədvəlinə isə mövsümün sonunda baxacağıq.

– Növbəti mövsümdə də sizi “Araz-Naxçıvan”da görəcəyik, yoxsa yayda başqa təklifləri dəyərləndirməyi düşünürsünüz?

– Hazırda tam olaraq cari mövsümə fokuslanmışam. Hər şey məni qane edir və nə olursa-olsun, bu kluba özümü tam həsr edirəm. Azarkeşlərin və komandanın dəstəyini duyuram. Burada olmaq və birlikdə qələbələr qazanmaq imkanı verdikləri üçün rəhbərliyə təşəkkür edirəm. Növbəti mövsümə gəlincə, vaxtı çatanda hər şeyi biləcəksiniz.

FƏRİD

Shares: