“Neftçi”nin Yevlax səfəri rahat keçdi. Bakılılar autsayder üzərində asan qələbə qazanıb 4-cü pillədəki yerini qorudu.

Amma matçda göz batan məqamlar da oldu. Və xoş görünməyən mənzərənin məhz qonaqların düşərgəsində yaşanması ikiqat təəssüf doğurdu.

Təqdim etdiyimiz videoda “Neftçi”nin ehtiyat oyunçular skamyası “talkuçka”ya bənzəyir. Sanki paltar satılan hansısa “polka”dır, “dükan”ın hər tərəfindən geyim sallanır. Ehtiyat oyunçular geyimlərini skamyanın damından asıb.

Aydındır ki, bakılıların bunu “Karvan-Yevlax”ın stadionundakı durumla əlaqələndirəcək, şəraitsizlikdən belə addım atıldığını bildirəcək. Qürub edən günəş matç saatında şüalarını ehtiyat oyunçular skamyasına yönəltdiyi üçün qonaqlar qorunmaq istəyi ilə belə addım atıb. Amma mənzərə çox pis idi. Oyun keyfiyyəti ilə yanaşı vizual mənzərənin də cəlbediciliyi vacibdir. Matçı televiziya qarşısında izləyənlər Premyer Liqa matçına baxdığını hiss etməlidir. Dünənki qarşılaşma isə kəndlər çempionatını xatırladırdı.

Yevlaxdakı matçda daha bir pis nümunə meydan sahiblərinin adına yazılmalıdır. Videogörüntülərə baxanda bir azyaşlının tribunanın ən hündür yerində, daş hasarın üzərində əyləşdiyini müşahidə edirik. Halbuki bura bilet satılmır və orada qərar tutmaq təhlükəsizlik baxımından risklidir. Azyaşlı hər an yanında əyləşən valideyninin gözündən yayına və hasardan yıxılaraq bədbəxt hadisəyə səbəbkar ola bilər.

“Karvan-Yevlax” meydan sahibi kimi belə halların qarşısını almağa borcludur. Xoşagəlməz hadisə baş verəndən sonra tədbir görmək gec olur, önləyici addımlar vacibdir.

fca68f1a 4a74 411d a855 f25f99012ba5 - Futbolinfo.az

ABBAS

Shares: