ABŞ-nin Mayami şəhərində yerləşən “Nu Stadium” arenasında MLS-in 2026 mövsümünün oyununda “İnter Mayami” “Filadelfiya Union”u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 6:4 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar matçın ilk 45 dəqiqəsində 8 qol vurublar. “İnter Mayami” görüş ərzində 1:3 hesabından geridönüş edib.
Qalib komandanın heyətində ulduz hücumçu Luis Suares het-trik edib. Argentinalı hücumçu Xerman Berteramenin hesabında dubl var. Daha bir qolu yarımmüdafiəçi Rodriqo de Paul vurub. Lionel Messi isə görüşü iki assistlə başa vurub.
Hazırda “İnter Mayami” MLS-də 15 oyundan sonra 31 xalla 2-ci pillədə qərarlaşıb və lider “Neşvill”dən cəmi 2 xal geri qalır. “Filadelfiya Union” isə 14 matçdan sonra topladığı 7 xalla sonuncu – 15-ci yerdədir.






