“Taleyimin necə olacağı hələ bilinmir. “Şahdağ Qusar”la müqaviləm başa çatıb. Bir neçə günə rəhbərliklə danışıb, gələcəyimlə bağlı qərar verəcəyəm”. Bunu futbolinfo.az saytına açıqlamasında I Liqa təmsilçisi “Şahdağ Qusar”ın kapitanı Rahid Əmirquliyev deyib.

Azərbaycan millisinin sabiq üzvü karyerasını futbolçu kimi başqa klubda davam etdirmək ehtimalından da danışıb: “Təkliflərim var, amma hələ ki, heç bir komanda ilə danışıq aparmamışam. Gözləyirəm ki, Qusar klubu ilə danışıqlarım yekunlaşsın. Hələ rəhbərliklə görüşməmişəm. Görək rəhbərliyin nə zaman vaxtı olar. Yaxın 2-3 gün ərzində yəqin ki, görüş baş tutar”.

Qış fasiləsindən sonra klub prezidenti vəzifəsini itirən kapitan baş məşqçi Elnur Abdullayevin istefasına da münasibət bildirib: “Elnur Abdullayevin istefaya göndərilməsi mənim üçün də təəccüblü qərar oldu. Onunla yolların ayrılacağını bilmirdim. Bu qərarı ötən ilin sonlarında klubun prezidenti təyin olunan Samir Xeyirbəyov verib”.

Yeni baş məşqçinin kimliyi barədə məlumat vermək istəməyən Əmirquliyev bildirib ki, bu məsələ yaxın vaxtlarda rəsmən açıqlanacaq.

Qeyd edək ki, Qusar futbolunun yetirməsi olan Rahid Əmirquliyev 2023-cü ildən “Şahdağ Qusar”ın formasını geyinir.

Shares: