“Çox yaxşı məqamlarımız oldu. “Araz-Naxçıvan” tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazandı və ilk mərhələdə “Aris” üzərində qələbə əldə etdik. Bu, həm klub, həm də futbolçular üçün çox dəyərli təcrübə oldu. Lakin sonrakı mövsümdə komandada müəyyən geriləmə yaşandı və toparlana bilmədik. Fiasko yaşadığımızı düşünmürəm, sadəcə, əsas hədəfimizə çata bilmədik. Bu isə futbolda normal haldır. Hər il çempionatda rəqabət artır, rəqiblər güclənir və mübarizə daha da çətinləşir”. Bunu futbolinfo.az saytına açıqlamasında Bəxtiyar Həsənalızadə deyib.

Təcrübəli müdafiəçi “Araz-Naxçıvan”la yollarını ayırmasına da münasibət bildirib: “Futbolda bu cür hallar normaldır. Bu gün bir komandadasan, sabah başqa yerdə ola bilərsən. Ayrılığın səbəbləri barədə nəsə deyə bilmərəm, çünki bu barədə məlumatım yoxdur. Hər şeyin xeyirlisi Allahdandır. İki il “Araz-Naxçıvan”ın çörəyini yedim, yaxşı və çətin günlərimiz oldu. İndi isə həyatımda yeni səhifə açılır. Belə qərar verilib və buna hörmətlə yanaşıram. “Araz-Naxçıvan”a gələcəkdə uğurlar arzulayıram”.

Həsənalızadə gələcək karyerası ilə bağlı da danışıb: “Təklifləri diqqətlə dəyərləndirəcəyəm. Təbii ki, həm maliyyə şərtləri, həm də müntəzəm oynamaq imkanı mənim üçün vacib amillərdir. Hazırda bir neçə klubla danışıqlar aparıram, lakin hələlik yekun razılıq əldə olunmayıb. Bundan sonra gələcək təklifləri də nəzərdən keçirəcəyəm. Hər şey danışıqların gedişindən asılı olacaq. Xaricdən variantların olması mümkündür, amma ilkin düşüncəm karyeramı ölkə daxilində davam etdirməkdir. Xeyirlisi nədirsə, o olsun”.

GÜNAY SÜLEYMANOVA

Shares: