“Nyu York Niks” Milli Basketbol Assosiasiyasında final seriyasının ilk oyununda “San Antonio Spörs” üzərində 105:95 hesablı qələbə qazandıqdan sonra Nyu-Yorkda keçiriləcək final oyunlarının biletlərinin qiyməti kəskin artıb.
“Niks”in ilk oyundakı gözlənilməz qələbəsindən əvvəl belə, “Medison Skver Qarden” arenasında keçiriləcək final matçlarının biletləri MBA tarixinin ən bahalı biletləri hesab olunurdu. Dördüncü oyun üçün orta qiymət 3876 dollar, beşinci oyun üçün 3609 dollar, mümkün altıncı oyun üçün isə 5022 dollar təşkil edirdi.
“TickPick” platformasının məlumatına görə, hazırda üçüncü oyuna ən ucuz biletin qiyməti 7897 dollara çatıb ki, bu da 103,7 faiz artım deməkdir. Dördüncü oyunun ən ucuz bileti 7650 dollar (+111,9 faiz), mümkün altıncı oyunun bileti isə 7908 dollar (+57,4 faiz) təşkil edir.
Bildirilir ki, bu qiymətlər bu yay ABŞ-da keçiriləcək futbol üzrə dünya çempionatının final oyununun bilet qiymətindən də yüksəkdir. Həmin qarşılaşmaya ən ucuz biletin qiyməti 7146 dollar olaraq göstərilir.
Qeyd edək ki, “Nyu-York” 1973-cü ildən bəri ilk dəfə MBA çempionu olmaq şansını qoruyur. Nyu-Yorkda keçirilə biləcək altıncı oyunda ön sıradakı iki yerlik bilet paketinin qiyməti isə təxminən 600 min dollar təşkil edir.






