“Turan Tovuz”un avrokubokdan kənar qalması bu günlərin əsas hadisəsidir. Mövsüm boyu əziyyət çəkb Konfrans Liqasına vəsiqə qazanmaq üçün hər şey edən qərblilər indi ofsayda düşmək təhlükəsi ilə üz-üzədir.
Klub ola bilməmək, səriştəsiz insanları futbol idarəçilyinə gətirməyin nəticəsi belə olmalıydı. Tələbə yoldaşlarını, dostları, yaxınları ətrafına toplayıb “komanda” yaratmağın sonu bu cür olur. Bunun əvəzinə kluba mütəxəssislər, peşəkarlar dəvət edilsəydi, daha fərqli şeylər olardı. Özləri bilər, bəlkə də Ehtiram Quliyevə milyonları havaya sovurmaq xoşdur…
Amma Quliyevi dövrəyə alan dəstə onun məntiqli düşünməsinə də imkan vermir. Günahkarları klubun daxilində axtarmaq əvəzinə öz eyiblərini başqasının əyninə geyindirirlər. Azarkeşləri səhv yönəldir, “Zirə”ni hədəf seçirlər. Klub rəsmiləri qaçıb gizlənib, kimsə məsuliyyətsizlik etdiyini boynuna almır. Əvəzində tovuzluları avrokubokda əvəz etməli olan “Zirə” nigangahdadır.
Əslində, hələ ötən mövsüm “Turan Tovuz” avrokuboka gedə bilərdi. “Sabah” ölkə kubokunu qazanmasaydı, məhz qərblilər Konfrans Liqasına vəsiqə qazanacaq, eyni ssenari təkrarlanacaq, onları Masazır təmsilçisi əvəz edəcəkdi.
Qismət bu ilə imiş. Və şans “Zirə”yə düşüb. Qəsəbə təmsilçisinin imtina etmək lüksü yoxdur, bu mümkün olsaydı, “Araz-Naxçıvan”, “Sumqayıt”, “Şamaxı” və digərlərinə şans yaranacaqdı. Turnir cədvəlində tutduğu yerə görə… Bu, sadə məntiqdir və “Zirə”ni hədəf seçmək yalnız azarkeşlərin qəzəbini klubdakı məsuliyyətsizlərin, səriştəsizlərin üzərindən başqa səmtə yönəltmək cəhdidir.
Tovuzlu azarkeşlər çılğındır, futbol aşiqidirlər, sevimli komandalarının kənarda qalması ilə razılaşmırlar. Lakin məsələyə fanat düşüncəsi ilə yanaşmaq yanlışdır. Azarkeşlər ölkə kubokunda “Zirə”ylə oyunda baş verən hakim səhvlərini yada salır, kimlərsə həmin olayları fürsət bilib izi azdırmağa çalışır, azarkeşləri qızışdırır. Halbuki nəticə dəyişmir, hətta tovuzlular kuboku qazansaydı da, avrokubokdan kənar qalacaq, qitə yarışlarına yenə “Zirə” gedəcəkdi.
Buna “Palanı döyəcləmək” deyirlər. “Turan Tovuz”un bu aqibətlə üzləşməsinn səbəbkarları yaddan çıxıb onu əvəz edəcək komanda hədəf göstərilir. “Araz-Naxçıvan” və ya “Sumqayıt” həmin vəsiqəyə sahib çıxsaydı, nə dəyişəcəkdi?
Bu vəziyyətdə avrokuboka getmək heç “Zirə”niin də ürəyincə olmamalıdır. Durum müəmmalıdır, hələ CAS-dn nə qərar gələcəyi bilinmir. Qəsəbə təmsilçisi tələsik heyət yığmalı, hazırlıq keçməlidir. Bu, yeni mövsümün hazırlıq planlarına da təsir göstərəcək. Həm də indiki xaotik durumda avrokubokda oynamaq həm də psixoloji yükdür.
“Zirə” Konfrans Liqasında iştirakdan imtina etsə, bəlkə də kimlərinsə ürəyinə su səpilər. Amma bu, sanksiyalara səbəb ola bilər. UEFA naz çəkəsi qurum deyil, bir anda əvəzləmə prinsipini ləğv edə, ölkəmizi 3 vəsiqəyə məhkum edərlər. “Turan Tovuz” getmirsə heç kim getməsin” məntiqi ziyanlı və yolverilməzdir.

11 klubun UEFA-ya və CAS-a müraciəti ilə bağlı son xəbər də maraqlıdır. Bu, problemin həlli üçün düşünülmüş addım deyil. Təşəbbüsün altından “Sumqayıt”ın menecer-prezidenti Riad Rəfiyevin çıxması faktı hər şeyi deyir. Elxan Məmmədov ölkə futbolunda sakitlik istəmir, qarışıqlıq tərəfdarıdır. Və bu informasiya ilə Tovuzda əsəbləri yenidən tarıma çəkdi. Sabiq icraçı vutse-prezidentin əlaltıları təmizlənməyənə kimi belə şeylər çox olacaq.
Məmmədov xaos tərəfdarıdır, xələflərinin rahat işləməsini istəmir, onları gözdən salır. “Turan Tovuz”un bu gün başına gələnlərin əsas səbəbkarı Məmmədov, onun kluba yeritdiyi Oqtay Abdullayev, klubu problemi ola-ola yeni himayədarlara verən Tural Piriyevdir. Hamısı Elxanın kadrlarıdır və bu zat günahlarını yumaq üçün yeni münaqişə ocağı yaradır, iz azdırır, xaos yaradır.
Əslində, hadisələrin bu yöndə inkişaf etməsi sabah böyük problemlərə yol acacaq. Bu komandaların Tovuzda baş tutacaq növbəti çempionat matçında nələrin olacağını təxmin etmək lazımdır. Klub rəhbərliyi səhvini etiraf etməyib “Zirə”ni hədəfə gətirməyə çalışdıqca azarkeşləri səhv yönəldir və bu, qalmaqallara, daha pis olaylara rəvac verə bilər. Ehtiyatlı olmaqda fayda var, xaosdan hamı zərər görəcək.
FƏRİD






