Futbol üzrə dünya çempionatında daha iki qrupda mübarizə yekunlaşıb. Braziliya və Meksika liderliyi əldən verməyib.
Mayami stadionunda keçirilən C qrupunun III turunun matçında Braziliya Şotlandiyanı məğlub edib. Cənubi Amerika təmsilçisi rəqibini 3:0 hesabı ilə üstələyib.
“Sambaçılar”ın heyətində Vinisius (7, 45+3) dubl edib. Yekun nəticəni isə Mateus Kunya (60) müəyyənləşdirib.
Mərakeş isə Haitini Atlanta stadionunda keçirilən qarşılaşmada 4:2 hesabı ilə yenib. Bu, afrikalılara qrup ikincisi olmağa imkan verib.
Mərakeşin heyətində Əşrəf Hakimi (39), İsmael Sayberi (45+1), Sufiyan Rahimi(78) və Casim Yasin (89) qol vurublar. Haitidə isə Lenni Jozef (10) və Vilson İzidor (43) dəqiq oynayıblar.

A qrupunda Meksika Çexiya yığmasına qalib gəlib. Meydan sahibləri avropalıları 3 cavabsız qolla yenib.
Meksikalıların heyətində 55-ci dəqiqədə Mateo Çaves, 6 dəqiqə sonra isə Xulian Kinyones yerli azarkeşləri ayağa qaldırıblar. Matçda son nöqtəni isə 90+4-cü dəqiqədə Alvaro Fidalqo qoyub.
Bu nəticə ilə Meksika millisi tarixində ilk dəfə dünya çempionatının qrup mərhələsində keçirdiyi hər üç oyundan qələbə ilə ayrılıb. Komanda həmçinin 1970-ci ildən bəri ilk dəfə qrup mərhələsindəki bütün görüşlərdə qapısını toxunulmaz saxlamağı bacarıb.
Qrupun digər oyununda CAR Cənubi Koreyanı tək qolla məğlub edib. Monterrey stadionunda keçirilən göüşdə 63-cü dəqiqədə Tapelo Maseko adını tabloya yazdırıb.
Bu qalibiyyət sayəsində CAR xallarının sayını 4-ə çatdıraraq qrupdan çıxıb. Tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə əldə edən komandanın bu mərhələdəki rəqibi B qrupunu ikinci sırada başa vuran Kanada seçməsi olacaq.







