“Klubla oturub danışmaq və hər şeyi müzakirə etmək imkanımız var idi. Amma müxtəlif səbəblərə görə qarşılıqlı razılıq əsasında yolları ayırmağa və digər variantları nəzərdən keçirməyə qərar verdik”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Qəbələ”dən ayrılan Adriel Ba Loua deyib.
Kot d ivuarlı yarımmüdafiəçi “qırmızı-qaralar”ın heyətində ən yaddaqalan oyunun “Araz-Naxçıvan”a qarşı keçirdikləri qarşılaşma olduğunu bildirib: “Ən yaddaqalan oyunumuz “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub etdiyimiz qarşılaşma idi. Həmin oyunda bütün liqaya göstərdik ki, bunu bacarırıq. Biz yaxşı komandayıq, sadəcə, bəxt bizim tərəfdə deyildi. Bu matç mənim üçün gözəl xatirə olaraq qalıb. Çünki oyundan bir gün əvvəl klub prezidenti ilə söhbətimiz olmuşdu və mən ona meydanda əlimizdən gələni edəcəyimizə söz vermişdim. Elə də etdik. Bu, həqiqətən də möhtəşəm hiss idi”.
Adriel ötən mövsümdəki çıxışını da dəyərləndirib: “Düşünürəm ki, ötən mövsüm daha yaxşı çıxış edə bilərdim. Çünki həmişə özümə deyirəm ki, etdiklərim heç vaxt kifayət etmir. Amma statistikaya baxanda hesab edirəm ki, nəticələrim o qədər də pis olmayıb. Əgər ötürmələrimdən sonra komanda yoldaşlarım qol vursaydılar və mən də əldə etdiyim qol imkanlarını dəyərləndirsəydim, statistik göstəricilərim daha yüksək olardı. Oyun quruculuğu baxımından isə komandama kömək etdiyimi və əlimdən gələnin ən yaxşısını etməyə çalışdığımı düşünürəm”.
O, Azərbaycanda çıxış etməyin onun üçün maraqlı təcrübə olduğunu da vurğulayıb: “Macəraları və yeni təcrübələr qazanmağı sevən futbolçuyam. Azərbaycana gəlmək də mənim üçün çox maraqlı təcrübə oldu. İndi tanıdığım, bura gəlmək məsələsində tərəddüd edən və ya şübhələri olan futbolçulara Azərbaycan haqqında hər şeyi danışa bilərəm. Bundan sonra da harada mənə yaxşı təcrübə qazanmaq və gözəl anlar yaşamaq imkanı yaransa, ora getməyə hazıram”.
GÜNAY SÜLEYMANOVA
