“Mən həmişə deyirdim ki, daha gənc – 21-22 yaşlarında futbolçular üçün Albaniyada oynamaq həm inkişaf, həm də daha güclü liqalara keçid baxımından əlverişlidir. Amma indi də Rumıniya və Asiya ölkələrindən təkliflər var idi. Sadəcə, hərtərəfli düşünmək lazımdır ki, gedəndən sonra sıxıntı yaşamayasan”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Azərbaycan millisinin üzvü Vüsal İsgəndərli deyib.
Millimizin üzvü bildirib ki, Albaniyanın “Partizani” klubundan ayrıldıqdan sonra fərqli agent və menecerlər vasitəsilə bir neçə təklif alıb. Lakin bütün şərtləri dəyərləndirdikdən sonra “Malişeva”nı seçib: “Partizani”dən ayrıldıqdan sonra fərqli agent və menecerlərdən bir neçə təklif var idi. Sadəcə, həmişə deyirdim ki, elə bir yerdə oynayım ki, yenidən milli komandada oynayım. İki gün öncə “Malişeva” ilə danışıqlar başladı. Baş məşqçi özü mənə zəng etdi. Danışıq zamanı məni həqiqətən komandasında görmək istədiyini hiss etdim. Komandanın maddi şərtləri, avrokuboklarda iştirak etməsi və hədəfləri yaxşı idi. Nə istədimsə, onları həyata keçirməyə çalışdılar. Bu da mənim diqqətimi çəkdi. Albaniyada oynadığım vaxt Kosovo Superliqasından dostlarım var idi. Onlarla danışdım və “Malişeva”nın iddialı klublardan biri olduğunu dedilər”.
İsgəndərli bu transferin onun Azərbaycan millisindəki yerini qoruması baxımından da mühüm əhəmiyyət daşıdığını vurğulayıb: “Azərbaycan millisindəki yerimi qorumaq baxımından bu transfer mənim üçün çox önəm daşıyır. Çünki agentlərlə danışıq apararkən də deyirdim ki, yenidən millidə olmaq üçün seçim etməliyəm. Ona görə hər şeyi dəyərləndirirdim. İnşallah, əlimdən gələni edib, bundan sonra da karyeramı ancaq ölkə xaricində davam etdirmək istəyirəm”.
GÜNAY SÜLEYMANOVA
