“Ad çəkmədən olmaz” rubrikasının növbəti qonağı Azərbaycan yığmasının sabiq üzvü Ramazan Abbasovdur. “Neftçi”, “Bakı”, “Xəzər Lənkəran” kimi klublarda oynamış yarımmüdafiəçi müxtəlif suallar üzrə keçmiş komanda yoldaşlarını yada saldı.

– Birgə oynadığınız futbolçulardan ən istedadlısı kim olub?

– “Bakı”nın yetirməsi Rəhman Hacıyev. Uşaqlığından hiss olunurdu ki, başdan ayağa istedaddır. Topla rəftarı, ötürmələri seçilirdi.

– Bəs ən çalışqanı?

– Mən “Bakı”da oynayanda komandaya latviyalı Andreys Ştoltsers gəlmişdi. Bizdən yaşca böyük idi. O, Elnur Abdullayev, Fərid Quliyev və məni məcbur edirdi ki, səhərlər Tofiq Bəhramov stadionuna gələk, qaçaq, məşq edək. Hətta elə olurdu ki, yarım saat, bir saat gecikirdik, gəlirdik ki, bizi stadionda gözləyir. Həqiqətən də, onun  peşəkarlığına heyran idim. Bu barədə ondan çox şey götürmüşük.

– Birgə oynadığınız futbolçulardan ən tənbəli…

– Onunla “Dinamo”nun vaxtından bir yerdə oynamışıq, “Bakı”da da bir müddət birlikdə çıxış etdik. Tərlan Mahmudovu nəzərdə tuturam. Həqiqətən də çox istedadlı idi. Məşq başlayanda “razminka” belə etmədən 30-35 metr məsafədən qapıya zərbələr vururdu. Hamı məəttəl qalırdı, qeyri-adi insan idi. Bəlkə də məşq etsəydi, daha güclü futbolçu olardı. Əfsuslar olsun ki, o cür istedadlı oyunçu futbolu vaxtından tez buraxdı. Ən tənbəl Tərlanı sayıram, məşq etməklə arası yox idi.

– Birgə oynadığınız futbolçulardan ən ciddisi, zəhmlisi kim olub?

– Millidə bir yerdə oynadığım Aslan Kərimov. Meydanda, məşqlərdə çox ciddi idi. Kapitan kimi ciddiliyini daim qoruyurdu. Bir də Rəşad Sadıqovun adını çəkəcəm. “Neftçi”də birlikdə oynamışıq. Rəşad həyatda deyib-gülən olsa da, məşqlərdə və oyunlarda çox ciddi, zəhmli idi. Hiss olunurdu ki, komandaya liderlik edir.

– Bəs ən zarafatcılı?

– Belə uşaqlar çox idi. Aralarında ən zarafatcılı “Bakı”da bir yerdə oynadığım Elnur Abdullayev idi. Həqiqətən də onunla məşqdən sonra yemək yeyəndə zarafatları maraqlı olurdu.

– Birgə oynadığınız futbolçulardan ən dalaşqanı…

– Ramal Hüseynov. “Bakı” və “Neftçi”də bir yerdə oynamışıq. Əzmkar idi, oyunlarla yanaşı, məşqlərdə də məğlubiyyəti sevmirdi. Dalaşqan idi, məşqdə adi epizodda, xırda detalın üstündə belə, komanda yoldaşı ilə mübahisə edərdi. Məqsədi ancaq qələbə qazanmaq idi. Ramal məğlubiyyəti sevməyən futbolçu olub.

– Birgə oynadığınız futbolçulardan ən çox pul xərcləyəni, yəni bədxərci kim idi?

– Özüm də bədxərc olmuşam. Amma bir nəfər bu baxımdan xüsusi fərqlənirdi. Namiq Yusifovu nəzərdə tuturam. Onunla “Neftçi”də komanda yoldaşı olmuşam. Səfərlərdə, toplanışlarda görürdük ki, real dəyəri 50-100 manat olan köynəyə və ya kəmərə gözünü qırpmadan 300, 400, 500 dollar verib alırdı. Namiq özünə pul xərcləməyi sevirdi.

– Bəs ən simic kim olub?

– Elnur Allahverdiyev. Onunla həm U-21-də, həm də “Xəzər Lənkəran”da bir yerdə oynamışıq. Elnurun pul xərcləməklə qəti arası yox idi.

– Birgə oynadığınız futbolçulardan ən savadlısı…

– Cahangir Həsənzadə. Savadına millinin düşərgəsində bələd olmuşam. Nə vaxt otağına gedirdik, görürdük ki, kitab oxuyur. Hiss olunurdu ki, elmi cəhətdən savadlıdır, daim nələrləsə maraqlanır, axtarışdadır.

– Birgə oynadığınız futbolçulardan ən çox yalan danışan kim idi?

– Bu suala da cavab olaraq da Tərlan Mahmudovun adını çəkəcəm. “Tarqovı”da köynək alırdı, 1-2 gün özü geyinirdi, sonra gəlib komanda yoldaşlarına deyirdi ki, təzədir, əynimə olmur, satıram. Onu uşaqlardan birinə satdıqdan sonra gedib özünə başqasını alırdı.

– Birgə oynadığınız futbolçulardan ən çox yemək yeyən?

– Elvin Əliyev. “Bakı”da komanda yoldaşı olmuşuq. Həqiqətən də, yemək barəsində Elvini üstələyəcək ikinci futbolçu tanımıram. Yaxşı aş yeməyi var idi, aşı qatıqla yeyirdi (gülür).

AĞA

Shares: